
Şərq bir zamanlar müəllim idi, öyrədirdi, indi Qərbi təqlid edir, onun arxasınca addımlayır, ona oxşamasıyla öyünür.
Şərq bir zamanlar yeni İdeyalar, formalar yaradırdı, indi həmin Məzmunu, Biçimi Qərbdən mənimsəyir.
Geyimdən başlamış, siyasi üsul-idarəyə, ictimai doktri¬naya, İdeala, Fəlsəfi Fikrə, Bədiiyyata qədər nə varsa, hamısını Şərq Qərbdən götürür.
Bir zamanlar Şərq Şərq olmağıyla fəxr edirdi, indi “mən Şərq deyiləm, mən elə Qərbəm” – deyə bağırır.
“Düşüncəm Qərb Düşüncəsidir, Duyğularım Qərb Duyğularıdır, Adətlərim, Həyat Tərzim, Məişətim Qərbvaridir, Özüm olmaq istəmirəm, Qərb olmaq istəyirəm.
“Avropalaşmalı” – deyə haray qoparıram.
Qərb müəssisələrini Şərqə gətirirəm, Şərq torpağında Qərb meyvəsi bitirirəm və bunu vüqarla aləmə bəyan edirəm. Sözdə irqçiliyin əleyhinə çıxıram, əməldə isə “Qərb hər şeydir” – ideyasını naşıcasına, miskincəsinə təsdiq edirəm.
Üsul-idarəm – Qərb üsul-idarəsi, müəssisələrim – Qərb müəssəsi, İdealım – Qərb İdealı…
Qərbə qovuşuram, Qərbdə itirəm, ancaq fəlakətimi tərəqqi sayıram!
Özümə təskinlik vermək üçün – “Bəşər vahiddir, onu Şərqə və Qərbə bölmək olmaz” – deyirəm və unuduram ki, Bəşər müxtəlifliyin Vəhdəti kimi birdir, yeknəsəqliyin təsdiqi kimi yox!
Miskincəsinə, avamcasına unuduram ki, Şərqin Qərbləşməsi Qərbin Şərq Xalqlarını əsarətə salması üçün ən gözəl vasitədir”.
Mən sənin əbədi qəyyumunam!
Sən məni eşitməlisən, mən deyən kimi yaşamalısan.
Mən sənə tarix tərəfindən əbədilik rəhbər təyin olunmuşam, sən mən deyən, mən istəyən Şərq olacaqsan!
Qərbləşməyə can atmaqla Şərq özünü əjdahanın ağzına atır, vüqarla Mənəvi səfalətə doğru addımlayır və anlamır ki, ayılıb görəcək Şərq Dünyasından heç nə qalmayıb.
Şərqin belə fəlakətli vəziyyətə düşməsinin səbəbi nədir?
Birinci səbəbi odur ki, iqtisadi inkişafı tərəqqinin meyarı saydılar.
Əgər Qərb Şərqi iqtisadi cəhətdən ötübsə, deməli, o, hər cəhətdən Şərqdən üstündür. Deməli, onun Mədəniyyəti də, İctimai İdealı da, Həyat Tərzi də təqlidə layiqdir.
Deməli, Avropalaşmaq lazımdır, Avropada nə varsa, Şərqə köçürmək lazımdır.
Şərqin öz Fəlsəfəsini, Üsul-İdarəsini yaratmağa ehtiyacı yoxdur.
Əgər Avropanın maşını çoxdursa, deməli, Ləyaqəti də çoxdur.
“Qərb balonlarda gəzir, biz isə avtomobil minməyiriz” – deməli, avtomobilə minməklə biz tərəqqinin ön sırasına çıxacağıq.
Şərq dəhşətli yanlışlığa, fəlakətli naşılığa yol verdi, avtomo¬bilə minməyi tərəqqiylə eyniləşdirdi.
İndi Şərq artıq balonlarda gəzir, ancaq tarixinin ən ağır illərini keçirir.
Şərq hay-küyə uydu, uzaqgörənlik göstərmədi, indi Qərb filosofları özləri maşın sivilizasiyasının Bəşərə səadət gətir¬mədiyini, əksinə, zillət gətirdiyini təsdiq edirlər.
Şərq avtomobilə minməliydi, minəcəkdi, ancaq bundan ötrü öz Dünyasından əl çəkməməliydi, anlamalıydı ki, İqtisadi Tərəqqi avtomatik şəkildə Mənəvi, İctimai, Siyasi Tərəqqi yaratmır, bu səbəbdən də Qərbdə hökm sürən Üsul-İdarəni, Mədəniyyəti süni surətdə Şərqə köçürmək, calamaq olmaz, bu, eybəcərlik törədər.
Qərb öz nailiyyətləri ilə Şərqin gözünü qamaşdıra bildi, Şərq Sabahı görmədi.
Heç bir Şərq ölkəsində parlament sistemi özünü doğrultmadı, Qərb Fəlsəfəsi Cərəyanlarının heç biri Şərq İdrakına təkan vermədi, Şərq pozitivistləri Kantların, Yasperslərin yanında heç görünmürlər də.
Şərq öz bədii ənənəsini davam etdirmədi, Qərb ənənəsini mənimsədi və bu səbəbdən də Sənət Zirvəsi yarada bilmədi.
Şərq öz Mədəniyyətinə Qərbin gözü ilə baxdı, Qərb rasiona¬lizminin, praqmatizminin ölçüsüylə yanaşdı, özündən ayrıldı.
Ona elə gəldi ki, Tarixində, Qədimliyində nailiyyəti azdır, yalnız Qərbləşəndən, Avropalaşandan sonra onun əsl tarixi başlanacaq.
Şərq özünü inandırdı ki, onun dünəni despotçuluqdan, qəsb¬karlıqdan və xurafatdan ibarətdir və bu səbəbdən də onun özünə əsaslanmağa, öz ənənələri əsasında təbii şəkildə inkişaf etmə¬yə imkanı yoxdur, o, özünü rədd edib, Avropanı qəbul etməlidir.
Əslində isə Şərqin öz yoluyla getmək, öz ənənələri əsasında müasir mədəniyyət yaratmaq üçün hər cür imkanı var idi.
Zərdüştdən, Buddadan başlayan Sufilik, Hürufilik səviyyə¬sinə yüksələn Fəlsəfi İdeyalar əsasında orijinal Şərq Fəlsəfəsi yaratmaq mümkün idi.
Qərb Şərqin Fəlsəfi Siqlətini özündən yaxşı anladı, ondan bəhrə¬ləndi, onun təsiriylə Həyat Fəlsəfəsi, İntiutivizm və s. yaratdı.
Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular…
Şərq öz siyasi tarixinə daha ciddi, daha diqqətli və daha yetkin yanaşsaydı, onda Şərq despotçuluğundan başqa Şərq Müdrikliyi, Şərq Möhtəşəmliyi, Şərq Müqəddəsliyi, Şərq Məta¬nəti də görərdi, Qərbdən üsul-idarə mənimsəməzdi.
Ümumbəşəri Bədiiyyatın Zirvələrindən olan Şərq Sənətini də Şərq düzgün qiymətləndirmədi.
O, belə hesab etdi ki, müasir dövrdə ona arxalanmaq olmaz, o, vaxtı keçmiş arxaik hadisədir, Qərb sənətinə əsaslanmaq lazımdır.
Övladlar Atalarına layiq olmadılar və tədricən Şərq Qərbin bədii əyalətinə çevrildi.
Şərq çox şeydə yanıldı: ona elə gəldi ki, Qərb kapitalist¬ləşirsə, o da kapitalistləşməlidir, Qərb sənayeləşirsə, o da müt¬ləq sənayeləşməlidir, yoxsa məhv olar.
Əslində isə onu kapitalistləşmə, sənayeləşmə məhv etdi: bunları Şərq öz qüvvəsiylə həyata keçirə bilmədi, Qərbə üz tutdu, Qərb isə Şərqə sənayeləşmə ilə yanaşı, əsarət gətirdi.
Şərq elə hesab etdi ki, əgər Qərbdə yeni bir ictimai cərəyan yaranırsa və bu cərəyan əsasında Dünyanı cənnətə döndərirlərsə, o, bu axından kənarda qala bilməz, tezliklə “nicat doktrina¬sını” qəbul edib cənnətə hamıdan tez çatmalıdır.
Şərqin Qərbçilik dövrü ona ağır başa gəldi.
İndi o, özünə qayıtmalıdır, ya da Qərbin bulanıq sularında qərq olmalıdır.