
Daxil olmağına peşman olursan… Sanki zəncirini qırmış bir zümrə üstünə sel kimi gəlir: biri qeyrətini satır, biri mərifətini, kimisi ismətini, kimisi isə utanmadan öz bədənini… Mənim kimiləri isə bu mənzərəni görəndə özünü doğma torpaqda yox, yad bir məmləkətdə azmış yolçu kimi hiss edir. Əgər bu mənzərə bazar iqtisadiyyatının adi təzahürüdürsə, deməli, bu bazar təkcə təhlükəli deyil – həm də insanın mənəvi toxumunu içindən yeyən görünməz bir qurd kimidir. Söhbət TikTok sosial şəbəkəsindən gedir…
Sosial şəbəkələr, adətən, insana bir pəncərə kimi təqdim olunur: guya dünyaya baxış imkanı yaradır, cəmiyyətin ritmini göstərir, müasir insanın halını əks etdirir. Lakin TikTokun pəncərəsi çox vaxt başqa həqiqəti açır – sanki düşüncənin qapıları sınmış, dəyərlərin səsi batmış, zövqün, estetik duyumun yerinə gurultu dolmuş bir məkana düşürsən. Burada səni qarşılayan nə fikir yüküdür, nə həyat təcrübəsi, nə də insanın ruhunu dərinləşdirən bir işarə. Sanki azadlıq adı altında özündən qopmuş bir toplumun səs-küy dolu boşluğu səni udmağa çalışır.
İnsan baxır və düşünür: bu gördüklərimiz doğrudanmı insan övladının özüdür? İnsan dediyin varlığın mahiyyəti mənadadır, düşüncədədir, zövq və duyum dərinliyindədir. İnsan özünü dərk etdikcə ucalır, ucaldıqca həm ruh, həm də dəyər formalaşır. Lakin indi sanki özünü dərk instinkti itib. Özünü ifadə etmək isə sadəcə səslənmək, görünmək, nəyin bahasına olursa-olsun diqqət çəkmək kimi dar və bayağı bir formaya salınıb.
Bəlkə də problem zamanın özündə deyil — onu yaşayan insanların içindədir. Çünki biz azadlığı məsuliyyətdən ayırdıq. Azadlığı ölçüsüzlük, sərhədsizlik, “istədiyimi edərəm” kimi anlamlarla qarışdırdıq. Halbuki azadlıq – ilk növbədə özünü cilovlamaq qabiliyyətidir; dəyərləri qorumaq, öz davranışına hakım ola bilmək, seçimlərini şüur süzgəcindən keçirməkdir. Özünü ucuz jestlərlə nümayiş etdirmək azadlıq deyil; bu, sadəcə daxili boşluğun çığırtısıdır.
TikTokda gördüklərimiz tək əyləncə və vaxt keçirmə deyil — bunlar cəmiyyətin halı, ruhun gedişatı barədə xəbərdarlıqlardır. Bu görüntülərin arxasında insanın öz girdabına düşməsi, ruhun səssiz ağrısı, mənanın korlanması dayanır. İnsan özünü nə qədər ucuzlaşdırsa, dünya da onun gözündə bir o qədər qaranlıqlaşır.
Ona görə insan bəzən öz-özünə ağır bir sual verir: “Mən bu toplumun bir parçasıyam, yoxsa təsadüfən bu gurultulu izdihamın içinə düşmüş başqa bir varlıq?”
Bu sual təsadüfi deyil — çünki insanın içindəki ruh hələ ölməyib, sadəcə tozlanıb. Dəyərlər hələ yaşayır, sadəcə səs-küyün yaratdığı duman onların səsini batırır.
Cəmiyyətin dirçəlişi də, insanın özünə qayıdışı da daxildən başlayır.
Səs-küydən yox — sükutdan.
Görünüşdən yox — mahiyyətdən.
Başqasına oxşamaqdansa — özünü anlamaqdan.
Çünki böyük dirçəliş çoxluğun hay-küyündə deyil, hər bir insanın öz iç sükutunda doğulur. İnsan sükutu eşitməyi bacaranda, cəmiyyət də səs-küy içində itirilmiş dəyərlərini yenidən tapmağa başlayır.