Bəzən qarşında müasir görkəmdə, son dəbin zirvəsində geyinmiş, zahirən zamanla ayaqlaşan bir insan dayanır. Ali təhsillidir, diplomları var, sertifikatları divardan asılıb, özünü mütəxəssis, hətta elm adamı kimi təqdim edir. İlk baxışda elə təəssürat yaranır ki, bu adam müasir dünyanın yetirməsidir. Amma söhbət bir az dərinləşən kimi acı həqiqət üzə çıxır: bədən XXI əsrdədir, beyin isə orta əsrlərdə ilişib qalıb.

İki-üç cümlə kifayət edir ki, bu insanın təfəkkürü olmadığı üzə çıxsın. Sorğulamaq qabiliyyəti demək olar ki, sıfırdır, şübhə etmək isə onun dünyasında az qala günah kateqoriyasına daxildir. Elm terminləri yalnız əzbərlənmiş söz yığınından ibarətdir, düşüncə isə donuq, hərəkətsiz, qorxaqdır. Ağıl işləmək əvəzinə itaət edir, düşüncə yaratmaq əvəzinə qorunur. Xurafat bu cür şüurda “mənəviyyat” adı ilə dolaşır, məntiq isə təhlükəli elan olunur. Orta əsrlər onun üçün tarix kitabı deyil, şüur formasıdır.

Məhz bu nöqtədə əsas problem bütün çılpaqlığı ilə üzə çıxır: sorğulanmayan “həqiqət” həqiqət deyil, xurafatdır. Çünki həqiqət qorxudan deyil, sualdan doğur. Faktın həqiqət kimi qəbul olunması üçün o, mütləq sorğu-sualdan keçməli, ağıl və məntiq qarşısında imtahan verməlidir.

Sorğulanmayan fikir toxunulmaz elan olunur, toxunulmaz fikir isə zamanla müqəddəsləşir. Müqəddəsləşən fikir artıq düşüncəni yox, itaəti tələb edir.
Belə bir şüur üçün sual təhlükədir, şübhə xəyanətdir, düşünmək isə “artıq ağıllılıq”. Hazır qəliblər, hazır cavablar, hazır “həqiqətlər” ona görə daha rahat və təhlükəsiz görünür. Çünki düşünmək məsuliyyət tələb edir, məsuliyyət cəsarət istəyir. Cəsarət olmayan yerdə isə təfəkkür yaşamır.

Ən faciəlisi budur ki, bəzən bütün bunlar savadsızlıqdan yox, şüurlu şəkildə seçilmiş zehni rahatlıqdan doğur. İnsan bilə-bilə soruşmur, bilə-bilə şübhə etmir, bilə-bilə ağlını istirahətə göndərir. Beləcə, təhsil sənədə, elm terminologiyaya, düşüncə isə dekorasiyaya çevrilir. Zahirdə hər şey var, mahiyyətdə isə boşluq hökm sürür.

Nəticədə müasir libas, ali diplom, elmi titul sadəcə görüntüyə xidmət edir. İçəridə isə qorxularla, miflərlə, əzbərlə qidalanan qaranlıq bir zehniyyət yaşayır. Zaman dəyişir, texnologiya irəliləyir, dünya yenilənir — amma bəzi insanlar üçün əsrlər keçmir. Onlar üçün orta əsrlər hələ də bitməyib.

Və bəlkə də problemin ən qısa, ən acı ifadəsi budur:
Zaman irəli gedə bilər, amma sorğulamayan ağıl yerində sayır. Libas dəyişər, dövr dəyişər, terminlər dəyişər — dəyişməyən tək şey təfəkkürsüzlükdür. Orta əsrlər insanı zamana görə deyil, sualdan qorxduğuna görə tanınır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir