
Milli dirçəliş torpaqla başlamır — şüurla başlayır. Əgər bir xalq öz kimliyini itiribsə, torpağa sahib olsa belə, o torpağın sahibi ola bilməz.
Bizim əsrlər boyu işğal olunan yalnız torpaqlarımız deyil. İşğal olunan milli yaddaşımız, dəyərlər sistemimiz, özümüzə məxsus həyat fəlsəfəmizdir. Bu işğal bizi silahla yox, düşüncə ilə məğlub etdi; qorxu, itaət və qismətçilik vasitəsilə içimizdən çökdürdü.
Milli ruh yerini kölə psixologiyasına verdi.
İradə “təslimiyyət”lə, ləyaqət “səbir” adı ilə əvəz olundu.
Millət susmağa öyrədildi, düşünmək isə təhlükə kimi təqdim edildi.
Halbuki millət susmaq üçün yox, var olmaq üçün yaranır.
Milli dirçəliş — yad dəyərlərin hökmranlığından qurtulmaqdır.
Bu, başqa mədəniyyətlərə düşmənçilik deyil, öz kimliyinə sədaqətdir.
Özgələşmə azadlıq deyil; özgürlük özün olaraq qalmaqdır.
Bizə lazım olan yeni ideologiya yox, öz köklərimizə qayıdışdır.
O köklərdə Babəkin üsyanı var, Dədə Qorqudun hikməti var, dövlət quran ağıl və döyüşən ruh var. O köklərdə insanı alçaldan itaət yox, məsuliyyət daşıyan azadlıq var.
Milli dirçəliş:
qorxunun yerinə cəsarəti,
itaətin yerinə mövqeni,
qismətçiliyin yerinə iradəni qoymaqdır.
Bu yol asan deyil. Çünki dirçəliş rahatlıq yox, məsuliyyət tələb edir.
Azad insan sual verir, tələb edir, haqqını müdafiə edir. Kölə isə razı qalır.
Bu manifest çağırışdır: Milləti susqun kütlə olmaqdan çıxarmağa,
şüurlu topluma çevirməyə çağırışdır.
Milli dirçəliş — keçmişə qayıdış deyil, keçmişdən güc alaraq gələcəyi qurmaqdır.
Və bu gələcək yalnız mənən azad insanların çiyinlərində yüksələ bilər.
Biz kimliyimizi xatırladığımız gün dirçələcəyik.
Biz dəyərlərimizə sahib çıxdığımız gün bütövləşəcəyik.
Və biz bu yolu heç kimin icazəsi ilə deyil — öz iradəmizlə gedəcəyik.
Çünki millət olmaq — dirənməkdir.
Dirənmək isə dirçəlişdir.
Düzgün Atalı