
31 mart Azərbaycan tarixində ən faciəli və ağrılı günlərdən biridir. Bu tarix 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsinə həsr olunmuşdur. Həmin dövrdə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərdə minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir.
1918-ci ilin mart hadisələri təkcə bir şəhərin və ya bir bölgənin faciəsi deyildi. Bu qırğınlar bütün Azərbaycan xalqına qarşı yönəlmiş sistemli zorakılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Tarixi mənbələr göstərir ki, həmin günlərdə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, evlər yandırılmış, dinc əhali amansızlıqla məhv edilmişdir. Xüsusilə Şamaxı və Quba bölgələrində törədilən vəhşiliklər tariximizin ən qanlı səhifələrindən biri kimi yadda qalmışdır.
Uzun illər bu hadisələr haqqında açıq danışmaq mümkün olmasa da, müstəqillik əldə edildikdən sonra tariximizin bu faciəli səhifəsi yenidən araşdırılmağa başlandı. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış sərəncama əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu qərar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin ehtiramla yad edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan xalqı 31 mart tarixini yalnız matəm günü kimi deyil, həm də tarixi yaddaşın qorunması günü kimi qeyd edir. Qurbanların xatirəsi ehtiramla yad edilir, anım mərasimləri keçirilir, tariximizin bu acı həqiqətləri gələcək nəsillərə çatdırılır.
Tarixi unutmaq mümkün deyil. Çünki tarixini unudan xalq gələcəyini də itirmək təhlükəsi ilə üz-üzə qalır. 31 Mart soyqırımı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və gələcək nəsillərə ötürüləcəkdir.
Düzgün Atalı