
Daşkənddə bürokratiyanın aradan qaldırılmasına həsr olunmuş beynəlxalq forumun açılış mərasimində iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin 2030-cu ilə qədər bürokratiyadan azad bölgəyə çevrilməsinə yönəlmiş xüsusi proqrama start verildiyini açıqlayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Ş.Mirziyoyev yeni Özbəkistanda dövlət idarəçiliyi fəlsəfəsini belə ifadə edib: “Yeni Özbəkistanı qurarkən “xalq dövlət qurumlarına deyil, dövlət qurumları xalqa xidmət etməlidir” humanist ideyasına sadiqik”.
Prezident Mirziyoyev son illərdə bürokratiyanın azaldılması, dövlət xidmətlərinin sadələşdirilməsi və onların rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlara diqqət çəkib.
Özbəkistan lideri qeyd edib ki, son illər bürokratiyanın azaldılmasına yönəlmiş 9 fərman və qərar qəbul olunub.
Dövlət başçısı forum çərçivəsində bürokratiyanın aradan qaldırılması üçün ayrıca proqramın qəbul edildiyini açıqlayıb.
Proqramın əsas məqsədləri bunlardır: 2030-cu ilə qədər Özbəkistanı həddindən artıq bürokratiyadan azad regiona çevirmək; dövlət-xalq, dövlət-biznes münasibətlərində, habelə dövlət strukturları arasındakı münasibətlərdə bürokratiyanı kəskin şəkildə azaltmaq, rahat, şəffaf və humanist dövlət xidmətlərinin ekosistemini formalaşdırmaq.