
Dünyanın ən böyük matriarxal cəmiyyəti — Minanqkabau
İndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minanqkabau icması 4,5 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük ana hakimiyyətli (matriarxal) cəmiyyəti kimi tanınır.
“Qafqazinfo”nun məlumatına görə, bu unikal toplumda kişilər arvadlarının evinə köçür, miras isə qadınlara çatır.
Əfsanəyə əsasən, Koto Batu krallığının qurucusu Maharajo Dirajo XII əsrin ortalarında vəfat etdikdən sonra üç həyat yoldaşından üç oğlu qalır. Onun ilk arvadı Puti Indo Jalito həm uşaqların qayğısını, həm də krallığın idarəsini öz üzərinə götürərək, Minanqkabau icmasında ana hakimiyyətinin əsasını qoyur.
Minanqkabau xalqının evlilik ənənələri də tamamilə fərqlidir — burada “qız istəmək” adəti yoxdur. Əksinə, qadınlar evlilik təklifini irəli sürür, kişilər isə “gəlin” olur. Bəylər arvadlarının evinə köçür və ailə daxilində qonaq kimi qəbul edilirlər.
Kişilər və uşaqlar ananın soyadını daşıyır. Hətta arvadları tərəfindən evdən qovulan kişilər üçün adada xüsusi “sığınacaq otaqları” da mövcuddur.
Tarixən animist inanca sahib olan minanqlar təbiətə sitayiş ediblər. Daha sonralar hinduizm və buddizmin təsiri altına düşsələr də, sonrakı dövrlərdə İslam dinini qəbul edərək onu öz matriarxal ənənələri ilə birləşdiriblər.
İslam qaydalarına görə, adətən gəlin ər evinə köçür. Lakin Minanq icmasında bunun tam əksi baş verir — bəy gəlinin evinə köçür və onun ailəsi ilə birgə yaşayır.
Gəlinin “qiyməti” bəyin təhsilinə və peşəsinə əsasən, gəlin ailəsi tərəfindən müəyyən olunur. Toy günü bəy öz evindən çıxarılaraq, gəlinin evinə gətirilir və burada İslam qaydalarına uyğun nikah bağlanır. Mərasim zamanı bəy ənənəvi musiqi və qarışıq cinsli rəqslərlə qarşılanır.
Minanqkabau cəmiyyətində nəsil ana xətti ilə ötürülür. Bütün toy xərclərini qadın tərəfi qarşılayır. Qadınlar işləyərək ailəni dolandırır, kişilər isə əsasən ev işləri və uşaqlara qayğı ilə məşğul olurlar.
Toy zamanı gəlin ailəsi ənənəvi geyimlərdə başlarında pul, yemək və hədiyyələr daşıyır. Evlilikdən sonra Minanq qadınları sosial və iqtisadi imtiyazlara sahib olurlar.
Ailənin idarəsi və mülkiyyətin qorunması yaşlı qadınların əlindədir. Onlar torpaq sahibliyi, ailə münasibətləri və icma daxilində mübahisələrin həlli kimi məsələlərdə əsas söz sahibidirlər.