
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində son qarşılaşmalar baş tutub.
Oxu.Az xəbər verir ki, qruplardakı son turda 10 görüş keçirilib.
Maraqla gözlənilən matçlardan biri E qrupunda İspaniya və Türkiyə milliləri arasında baş tutub. Türkiyə mundiala birbaşa vəsiqəni əldə etmək üçün rəqibini yeddi top fərqi ilə məğlub etməli idi. Lakin görüş 2:2 hesabı ilə bitdiyindən İspaniya adını dünya çempionatının final mərhələsinə yazdırıb. Türkiyə isə pley-offda mübarizəsini davam etdirəcək.
Şotlandiya – Danimarka oyunu C qrupundan dünya çempionatının final mərhələsinə birbaşa qatılacaq yığmanın adına aydınlıq gətirib. 4:2 hesabı ilə qələbə qazanan şotlandlar mundialın finalına çıxıblar.
J qrupunda Belçika millisi Lixtenşteyn yığmasını 7:0 hesabı ilə məğlub edərək, mundialın final mərhələsində iştirak etmək hüququ qazanıb. H qrupunda isə bu hüququ evdə Bosniya və Herseqovina millisi ilə heç-heçə (1:1) edən Avstriya yığması əldə edib.
Həmçinin B qrupunda səfərdə Kosovo millisinə qarşı oyunda 1:1 hesabı ilə heç-heçə edən İsveçrə yığması dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.
Digər matçlarda qeydə alınmış nəticələri təqdim edirik:
Belarus – Yunanıstan – 0:0;
Bolqarıstan – Gürcüstan – 2:1;
Rumıniya – San-Marino – 7:1;
İsveç – Sloveniya – 1:1;
Uels – Şimali Makedoniya – 7:1.