Tarix bəzən millətləri əvvəlcədən xəbərdar edir. Sadəcə məsələ ondadır ki, o xəbərdarlığı eşidən olur, yoxsa yox. 90-cı illərdə Güneydən gələn soydaşlarımız bizi dönə-dönə xəbərdar edirdilər: “Babam, mollalara inanmayın, onlar sizi pis günə qoyacaqlar.” Onlar bunu  eşitdiklərinə görə yox, yaşadıqlarına görə deyirdilər. Amma o vaxt bu sözlərə qulaq asan az oldu — və bu gün həmin xəbərdarlığın nə qədər ağır bir həqiqət olduğunu daha aydın görürük.

O illərdə deyilən sözlər indi geriyə baxanda daha mənalı görünür. Mollaların ideoloji təsiri din adı ilə cəmiyyətə təqdim olunurdu. Halbuki məqsəd dini maarif yox, siyasi təsir və təsir dairəsi yaratmaq idi. Bu proses tədricən həyata keçirildi. Əvvəl kiçik dini qruplar, sonra geniş təbliğat şəbəkələri, daha sonra sosial və ideoloji platformalar vasitəsilə müəyyən düşüncə formalaşdırıldı.

İçində özünü “ziyalı” adlandıranların da olduğu bir kəsim bu prosesin təhlükəsini ya görmədi, ya da görmək istəmədi. Bəziləri romantik yanaşdı, bəziləri isə şəxsi və ya ideoloji maraq səbəbilə susdu. Nəticədə cəmiyyətin bir hissəsi acgözcəsinə bu təsirin altına daxil oldu.

Bu gün sosial şəbəkələrdə din adı ilə İran molla rejimini müdafiə edənləri görəndə vətənsevər insanlar təəccüb içində qalırlar. Amma bu insanlar birdən-birə yaranmayıb. Onlar illərlə səpilmiş ideoloji toxumların nəticəsidir. Bu toxumlar zaman keçdikcə cücərdi və öz tərəfdarlarını formalaşdırdı.

Din pərdəsi altında aparılan siyasət nəticəsində formalaşan düşüncə təkcə fərdi baxış olmadı — o, getdikcə təşkilatlanmış, müdafiə olunan və hətta aqressivləşən bir ideoloji xəttə çevrildi. Beləliklə, mollaların səpdiyi toxumlar dövlətimizə və millətimizə vurulan bir ideoloji paz oldu.

 

Bu gün nəticə ortadadır. O vaxt səpilən toxumlar artıq cücərib. İllər əvvəl edilən xəbərdarlığın doğruluğu indi daha aydın görünür. Amma gec də olsa, bu həqiqəti dərk etmək vacibdir.

Bu ölkədə ayıq insanlar da olub və var. Bu təhlükəni vaxtında görənlər, din adı ilə aparılan siyasi oyunu anlayanlar illərlə düşüncə mübarizəsi aparıblar. Onların mübarizəsi asan olmayıb. Çünki qarşıdakı qüvvə açıq şəkildə deyil, din pərdəsinə bürünərək fəaliyyət göstərib.

Tarix bir daha göstərir ki, bir millətin azadlığı yalnız sərhədlərlə qorunmur. Əsl təhlükə düşüncənin içindən başlayır. Əgər millət öz ideoloji sərhədlərini qoruya bilməsə, yad təsirlər bir gün onun içindən çıxaraq ona qarşı işləyər.

İtaət edən toplum gec-tez başqasının alətinə çevrilir. Güclü millət isə düşüncəsini, iradəsini və dövlətini ideoloji təsirlərdən qorumağı bacaran millətdir.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir