Adiləşmiş bir dünyada yaşamaq insanı təkcə gündəlik həyatın ağırlığı ilə yormur, onu daxilən aşındırır, ruhunu səssiz-səssiz yaralayır. Çünki adiləşən hər şey zamanla sorğulanmaz olur. Sual doğurmayan, etiraz oyatmayan, vicdanı narahat etməyən davranışlar həyatın “normalı”na çevrilir. Yalan adi hal alanda, ikiüzlülük bacarıq kimi təqdim ediləndə insan istər-istəməz öz-özünə soruşur: biz nə vaxt bu qədər laqeydləşdik?
Bir zamanlar yanlış saydığımız şeylərə alışdıq. Etiraz etdiyimiz davranışları görməzdən gəldik. Susmağı müdriklik, uyğunlaşmağı isə həyat bacarığı adlandırdıq. Halbuki bu, uyğunlaşma deyildi — bu, tədricən öz mövqeyindən geri çəkilmək idi. İnsan vicdanını sükuta məhkum etdikcə, dünya da daha rahat yalan danışmağa başladı.
İnsanlıqdan, dəyərlərdən, əxlaqdan danışanlar bu mühitdə az deyil. Sözləri gur, cümlələri bəzəkli, şüarları cəlbedici. Amma ilk ciddi sınaqda maskalar düşür. O zaman anlayırsan ki, deyilənlər inanc deyil, rol imiş; mövqe yox, taktika imiş. Həqiqətə sədaqət deyil, marağa xidmət imiş.
Bu nöqtədə vacib bir həqiqət aydınlaşır: ideya boş çıxmır. Boş çıxan, həmin ideyada olduğunu iddia edən insandır. Çünki ideya dəyişməyib, dəyişən onu daşıyanın siması olub. İdeya öz yerində dayanır, amma onu bayraq edən maskalı çıxır. Sədaqət ideyaya deyil, şəraitə olur.
Ən ağır zərbə də məhz buradan gəlir. Çünki insan təkcə bir adama deyil, uzun illər paylaşdığını sandığı ortaq mövqeyə güvənmiş olur. Eyni ideyada olduğun birinin saxtalığı ideyanın özünə kölgə salmır, amma insanın keçmişinə sual yaradır. Burada xəyanət ideyaya deyil, etimada edilir.
Belə bir dünyada insan yalanın normaya çevrildiyi bir həyatın içində sığınacaq axtarır. Amma sual qaçılmazdır: yalandan kimə pənah aparmaq olar? Əgər ətrafındakıların çoxu eyni maskanı daşıyırsa, sığınacaq da yalanın bir parçasına çevrilir. İnsan kütlənin içində tək qalır — səslərin arasında, saxta şüarların kölgəsində.
Zamanla anlayırsan ki, bu dünyada ən çətin olan dürüst qalmaq deyil. Ən çətin olan dürüst qaldığın üçün tək qalmağa dözməkdir. Çünki maska taxmayanlar qorunmur. Onlar ya kənara itələnir, ya “uyğunsuz”, ya da “problemli” adlandırılır. Maskalı olanlar isə çoxluq təşkil etdikləri üçün bir-birini müdafiə edirlər.
Cəmiyyətin əsas problemi yalan danışanların mövcudluğu deyil. Problem odur ki, yalan norma halına gəlib və bu normanı pozanlar cəzalandırılır. Vicdan susdurulanda, maskalar daha möhkəm oturur.
Və insanın içində qaçılmaz bir sual doğur:
Bu qədər yolu yalan üzlə, maska altında getməyə necə dözdünüz?
Hər gün özünüzə yad baxaraq yaşamaq sizi yormadımı?
Bəlkə də bu sual maska taxanlara deyil. Çünki onlar artıq eşitmir. Bu sual hələ ideyanı satmayan, hələ maskaya sığınmayan az sayda insan üçündür. Çünki bu dünyada ümid hələ də var — ideyanı deyil, yalanı tərk edənlərin inadında yaşayır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir