İnsan mədəniyyətinin bütün tarixi boyunca söz ən qüdrətli silah olub. Qılınclar köhnəlir, oxlar sınıb tökülür, hakimlər dəyişir, sülalələr dağılır — amma söz yaşayır. Söz həm xeyirdir, həm bəladır. İnsan dövrünün sərt həqiqətlərini ifadə edən cümlələr “müqəddəs” adıyla əbədiləşdirildikdə, o sözlər zamanın içində donur, donmuş ağrılarla birlikdə əsrlər boyu cəmiyyətin üzərinə çökür. Zamanla söz sanki canlılıqdan məhrum olur, hərf və cümlələr qapalı bir sərtlik halına gəlir, insanın ruhunu əks etdirməkdən çıxıb, sadəcə qorxutmaq və itaətə çağırmaq üçün var olur.
Bu gün biri çıxıb insanlığa qarşı çağırış etsə, qanun onu cəzalandırır; amma min illər öncə yazılmış eyni mahiyyətli bir çağırış müqəddəs kitabın içindədirsə, toxunulmazdır. Sözün mənası yox, möhürün gücü qərar verir. Hüquq insanı qoruyur, mühafizəkarlıq isə mətnləri. İnsan dəyişkəndir, mətn isə daş kimidir — toxunulmaz, sərt, dəyişməz. Dəyişən insanla dəyişməyən sözün toqquşması isə çağların paradoksunu yaradır, keçmişlə indini, qəbilə qanunları ilə müasir sivilizasiyanı qarşı-qarşıya qoyur.
Qədim mətnlərin sərtliyi təsadüfi deyil. O dövrün qanunları, qəbilə münasibətləri, müharibə qaydaları, “ya mən, ya sən” anlayışı ilə biçimlənib. Lakin indi eyni sözlər yalnız anarxiya doğurur, çünki insan sivilizasiyası barbarlıqdan uzaqlaşıb. Sözlər isə zamanın içində donmuş kölgə kimi hələ də cəmiyyətin damarında axır. Söz insanı kölələşdirməyi, fərqli inancı düşmən saymağı, qadın və uşağı ikinci varlıq kimi görməyi əmr edirsə, o sözün müqəddəsliyi boşalır. Hörmət qorxu ilə gəlməz, sivilik qorxu ilə yaşanmaz. İnsanlığın inkişafı, vicdanın azadlığı və əxlaqın yüksəlişi yalnız qorxu və itaətlə deyil, anlayış, dialoq və hörmət üzərində mümkündür.
Zaman sözə deyir: “Dəyiş, yumşal, müdrikləş.”
Söz cavab verir: “Mənə toxunmaq olmaz.”
Beləcə, insan qaranlıqda qalır. Zaman güzgü kimidir, insanın böyüməsini göstərir; söz isə daş kimidir, toxunulmaz sərtlik. Zaman insanı irəli çağırır, söz onu geriyə çəkir. İnsan addım-addım irəliləmək istəyir, amma köhnə sözlərin sərt divarlarına toqquşur. Hər toxunduğu hərf onu geriyə çəkir, hər cümlə tarixin yükünü üzərinə qoyur, hər düşüncə onun azadlığını sınayır. Bu toqquşma insanın vicdanını sınağa çəkir, onu həm qorxudaraq, həm də düşünməyə məcbur edərək tarixin ağır yükünü üzərinə qoyur.
Baş bəlasına çevrilən və insanlığa qarşı olan bəzi “müqəddəs” sayılan fikirlər insanları bir-birindən ayırır, qarşı-qarşıya qoyur. Bu yalnız mənəvi böhran deyil, cəmiyyətin damarının qopmasıdır. İnsan toplumu bütöv bir orqanizm kimidir; hər parçalanma onun ağrısıdır, hər nifrət toxumu gələcəyin yarasını açır. Bir tərəfə “seçilmişlər”, digər tərəfə “qovulmuşlar” yazılır. Bir tərəf cənnət üçün, digər tərəf cəza üçün doğulmuş kimi təqdim olunur. Düşüncənin faciəsi budur: insan doğulmazdan öncə deyil, yaşadıqca dəyər qazanır. İnsan azad düşüncəsi ilə yüksəlməlidir; mətnin qorunması ilə deyil.
Etik sistemlər zamanla dəyişir, mətnlər isə statikdir. Cəmiyyətin inkişafı üçün etika dinamizm tələb edir, lakin mətnin dəyişməzliyi bu inkişafın qarşısında divar yaradır. Zərərli sözlər sosial şüurun içində kök salır, sivil inkişafın qarşısında sədd olur. Köhnə fikirlər sivil cəmiyyətin dialoqunu boğur, insanlığı böyütməyə mane olur. Sivil cəmiyyət dialoq üzərində qurulur, zorakılıq üzərində deyil. Humanizm üzərində qurulur, ayırıcı mətnlər üzərində deyil. Əxlaq insandan doğur, mətni qorumaqdan yox. Əgər fikir insanı alçaldırsa, onun müqəddəsliyi yoxdur. Əgər çağırış insanı öldürməyə səsləyirsə, onun ilahiliyindən danışmaq mümkün deyil.
Nədir müqəddəs? Cavab sadə, amma dərin: müqəddəs insanın həyatıdır, müqəddəs insanın toxunulmaz hüququdur, müqəddəs insanın şərəfidir, müqəddəs insanın yarası, ağrısı, sevincidir. Mətn müqəddəs ola bilər, amma insan daha müqəddəsdir. Söz uca ola bilər, amma insan həyatı ondan da ucadır. Mətn insanı deyil, insan mətnləri ucaltdığına görə. İnsan azad düşüncəsi ilə yüksəlirsə, heç bir söz onu bağlaya bilməz. Yalnız insan öz vicdanına, öz ağlına, öz insanlığına sadiq qalarsa, həqiqi müqəddəslik yaşanar. İnsan həyatının müqəddəsliyi sözlərin sərtliyindən, kitabların qorunmasından daha önəmlidir.
Dünya dəyişib. İnsanlığın ağlı, vicdanı və hüquqi dəyərləri inkişaf edib, lakin bəzi sözlər hələ də köhnə dünyanın sərtliyini müasir sivilizasiyanın içinə daşıyır. Bu, cəmiyyət üçün bəladır. İnsan azadlığına, həyatına və hüquqlarına hörmət göstərmək vacibdir, köhnə sözləri qorumaq deyil. Cəmiyyətin yüksəlişi üçün tarixin qaranlıq sözlərini deyil, insanın özünü qorumaq lazımdır. İnsan həyatının müqəddəsliyi hər kitabdan, hər ayədən, hər ənənədən üstün olmalıdır. Söz yalnız insan üçün var, insan isə hər şeydən uca və müqəddəsdir. İnsan düşüncəsi, vicdanı və azadlığı üzərində yüksəlməlidir; hər söz, hər fikir, hər yazı yalnız insanı böyütmək üçün olmalıdır.