
Bir zamanlar millətin vicdanı olanlar indi onun utancına çevrilib
Keçən əsrdə bizim ziyalılar vardı — sözün, əxlaqın, maarifin canlı təcəssümü. Onlar yalnız yazmırdılar, yalnız danışmırdılar — millətin boynuna düşən qaranlığı yarmaq üçün döyüşürdülər. O insanlar cəmiyyətin beynini oyadan, ruhunu dirildən həqiqi aydınlar idi.
Bu gün isə…
Bu gün “ziyalı” adı həddindən artıq ucuzlaşıb. O qədər ucuzlaşıb ki, cəmiyyətə heç bir dəyər verməyən, düşüncəsi səthi, biliyi yarımçıq, vicdanı isə tamamilə sıradan çıxmış adamlar özünü “ziyalı” kimi təqdim edir. Ziyalı adını daşıyırlar, amma o adın içi boş, özü isə çirkli qalıb.
Ən acınacaqlısı — içlərində “alim” donu geyinmiş manipulyatorlar var.
Onların diplomu var, amma beyinlərində yalnız formal bilik qalıqları. Onların elmi dərəcələri var, amma vicdanları sıfır. Onlar cəmiyyətə maarif yox, çaşqınlıq gətirirlər; bilik yox, yalan ötürürlər; işıq yox, qaranlıq yayıb özlərinə alan yaradırlar.
Bunlar “ziyalı” adının üstündə böyümüş göbələklərdir — torpağı çirkləndirir, nəfəsi korlayır, kökü çürüdürlər.
Bu gün bəzi “ziyalı”ların fəaliyyəti maarifçilik deyil — cəmiyyət mühəndisliyi deyil — şəxsi maraqlarını pərdələmək üçün intellektual maskaraddır. Onların sözlərinin dəyəri yoxdur, çünki o sözlərin arxasında təmiz niyyət deyil, tapşırıq dayanır. Heç birinin iddiasında həqiqət yoxdur, çünki həqiqət onları qorxudur. Onlar həqiqəti deyil, öz rahatlıqlarını sevirlər.
Bu gün “ziyalı” adı ilə insanları cəhalətə sürükləyənlər təkcə savadsız deyil — təhlükəlidir.
Çünki savadsız adam yalnız özünü məhv edir.
Aydın adı ilə qaranlıq yayan adam isə cəmiyyəti.
Belə bir zamanda keçmiş maarifçilər nəhəng kimi görünür. Bugünkülər isə o nəhənglərin ayağının tozuna belə dəymir. Onlar cəmiyyətin ruhunu dirildirdilər — bunlar ruhu zəhərləyirlər. Onlar işığa yol açırdılar — bunlar işığı söndürüb öz qaranlıqlarına adam axtarırlar.
Və dəyişməyən bir həqiqət var:
Ziyalı millətin beynidir.
Beyni zəhərlənmiş millət isə yalnız bir istiqamətə gedə bilər — uçuruma.