
Dünya gör-götür dünyasıdır…
Hər bir millətin milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti və özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəriciləridir. Əsrdən-əsrə, nəsildən-nəslə keçən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.
Bəs biz buna nə dərəcədə əməl edirik?
Bu gün mədəniyyətimiz, dilimiz, milli-mənəvi dəyərlərimiz deqradasiyaya uğrayır, lakin bir nəfər olsun ziyalı səsi çıxmır.
Səhiyyə bərbad gündədir. Ağır xəstələr evlərə yazılır, heç bir tibbi şəraiti və həkim nəzarəti olmayan məkanlarda son günlərini, aylarını yaşayırlar. Həkimlərdən yalnız telefonla məsləhət almaq mümkündür. Ölkədə sığorta sistemi belə vətəndaşın imdadına çatmır.
Təhsil sahəsi də acınacaqlı vəziyyətdədir. Repetitor olmadan orta məktəblərdə əməlli-başlı dərs keçilməməkdədir. Məktəbləri bazara çevirmişik. (Burada istisna kimi Avropa standartlarına uyğun fəaliyyət göstərən Qarabağ Universiteti və Şuşa Orta Məktəbi göstərilə bilər). Müqəddəs müəllim adı isə artıq saxtakar və əlavəxan sinonimləri ilə əvəzlənib.
Mədəniyyətdən danışmaq belə çətindir. Ölkədə kino sənəti demək olar ki, ölüb, teatr isə can üstədir. İllərdir istedadlı rejissor və aktyor yetişdirilmir.
Görünür, səviyyəmiz nə dərəcədə aşağı düşüb ki, çağdaş Azərbaycan vətəndaşları ciddi problemlərə toxunmayan, bölgə ləhcələrini və mənasız səhnəcikləri göstərən “Bu Şəhərdə”, “Komediyaxa” və digər verilişlərə baxıb gülürlər…
Tək sevincimiz odur ki, Azərbaycanın işğalda olan torpaqları azad edilib və Qarabağda uğurlu quruculuq işləri gedir. Vəssalam.
Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, uşaq pulu verilmir və ölkənin heç bir sahəsində rəsmi dövlət dili – anamızın dili – hörmətlə tətbiq olunmur. Bütün dükanlar, ticarət mərkəzləri, şadlıq sarayları, mərasim evləri yabançı dillərdə fəaliyyət göstərir.
Ölkədə mədəni müraciət forması yoxdur. “Bəy” və “Xanım” kimi rəsmi müraciət qadağan olunub. Onun yerinə “xala”, “bibi”, “əmi”, “dayı”, “kişi”, “ağsaqqal” kimi qeyri-rəsmi ifadələr işlədilir.
Dövlət məmurları isə rus dilindəki “дамы и господа” müraciət formasını tərcümə edərək “Xanımlar və Cənablar” deyə eybəcər bir formaya salıblar. Azərbaycan dilində təhsil almış kadrların üzünə yüksək vəzifələr bağlıdır. Ölkədə qeyri-rəsmi rus dili hakim və elitar dil sayılır.
Nəysə… Dərdimiz çoxdur və bu mövzu yeddi bacı, hərəsinin əlində iki dəsmalla yeddi gün ağlaması ilə qurtaracaq kimi deyil…
Dünya gör-götür dünyasıdır. Gəlin biz də tarixdən ibrət dərsi çıxaraq inkişaf etmiş millətlərdən nümunə götürək və millət olaq. Mən inkişaf etmiş, humanist millətləri nəzərdə tuturam, Rusiyanı yox. Rusiyadan yalnız asmaq, kəsmək, qərət, rüşvət və əxlaqsızlıq öyrənə bilərik.