
44 gün davam edən Vətən müharibəsində erməni əsgərdən etiraf: “sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər”.
Düşmən döyüşçünün bu səmimi etirafını 2025-ci il fevralın son günü Ağ evdə Trampla Zelenskinin görüşündə, daha doğrusu, qəhrəman Ukraynanın cəsarətli və qəhrəman prezidenti ilə nəhəng supergüc ölkənin istilaçı, təlxək və “başsız” başçısının qarşıdurması zamanı bir daha xatırladım. Özünü ağsaqqal kimi sırımağa çalışan, dünyaya ağalıq iddiasında bulunan, tamahı daş dələn Trampın kabinetində (qələm dostumuz, Şuşanın son 35-40 ilinin salnaməsini yazanlardan biri Kərim Kərimlinin dili ilə desək, “yumurtavari kabinet”də) təcavüzkara qahmar çıxanın qarşısında terminator kimi dayanan, daha dəqiq desək, yalın əllə, dərin zəka ilə vuruşan, başçısı olduğu dövlətin ərazi bütövlüyünü, suverenliyini canından çox sevən “kostyumsuz” döyüşçü-prezident necə də vüqarlıydı. O, Tramp kimi kart oynamırdı.
“Yumurtavari kabinet”in ağası içindəki lax yumurta üfunətini üzə çıxardı.
VAQİF OSMANLI