İnsanlıq tarixi boyu Tanrıya aid edilən hər “ilahi kitab”da əslində insanın öz səsi, öz ruhu danışmışdır. İnsan öz düşüncəsini, öz dünyagörüşünü “Tanrının sözü” kimi təqdim etməklə, həm onu müqəddəsləşdirir, həm də əbədiləşdirir. Hər xalq, hər sivilizasiya öz milli adət-ənənəsini, düşüncə tərzini, inancını qorumaq üçün onları ilahiləşdirib, çünki müqəddəs olan dəyişməz sayılır, dəyişməz olan isə unudulmur.
İnsan “ilahi kitab” anlayışını yaratmaqla əslində öz daxili səsini ucaldır. O, kainatla danışmaq istəyir, ancaq bunu Tanrı dili ilə ifadə edir. Beləcə, insanın qəlbindəki mənəvi güc, onun Tanrıya yönəlik düşüncəsi sözə, mətinə, qaydaya çevrilir. Bu mətndən sonra artıq cəmiyyət formalaşır — qaydalar, qadağalar, dəyərlər, inamlar yaranır. “İlahi” dediyimiz bütün kitablar insanın özünü anlamaq, özünü izah etmək cəhdləridir.
Ancaq bütün xalqlar bu haqqı qoruyub saxlaya bilməmişdir. Bəziləri öz inancını yazıya almış, bəziləri isə onu yaddaşda daşımağa çalışmışdır. Bizim qədim Tanrıçılıq inancımız da yazıya alınsaydı, bu gün yad dinlərin təsiri altında olmazdıq. Çünki yazılmayan inanc zamanın əlində solur, unudulan inanc isə özgələrin ideologiyasına çevrilir. Tarix sübut edib ki, yazıya alınmış düşüncə xalqın ruhunu gələcəyə daşıyır, unudulmuş düşüncə isə yad mədəniyyətlərin içində əriyir.
Hər bir millət öz Tanrısını, öz mənəviyyatını, öz yolunu qoruyanda var olur. Bizim Tanrıçılıq dünyagörüşümüzdə Tanrı insandan ayrılmaz, o, insanın içində yaşayırdı. Göy Tanrı anlayışı həm səmanı, həm də insanın daxilindəki mənəvi ucalığı təmsil edirdi. Bu baxımdan Tanrıçılıq inancı insanı azad, vicdanlı və kainatla vəhdətdə görürdü. Təəssüf ki, bu inanc zamanla kənar ideologiyaların təsiri altında unuduldu, halbuki o, bizim milli mənəviyyatımızın təməli idi.
İlahi olanı kənarda, uzaqlarda, əlçatmaz məkanlarda axtarmaq insanı öz ruhundan uzaqlaşdırır. Tanrı insandan kənarda deyil; Tanrı insanın vicdanında, ruhunda, yaradıcılığındadır. İnsanın yaratdığı hər saf fikir, hər ədalətli əməl, hər doğru söz elə Tanrının insan vasitəsilə danışığıdır. Əslində əsl “ilahi kitab” elə insanın öz düşüncəsidir — yazıldığına görə yox, yaşandığına görə müqəddəs olan.
Düzgün Atalı
