İnsan taleyi doğulduğu məkandamı, ya evdəmi yazılır, yoxsa insan onu özü yazır? Bu sualın cavabı eyni ata-ananın övladlarında təzahür edir. Onlar eyni evdə böyüyür, eyni süfrəni bölüşür, eyni sözlərlə tərbiyə olunur, lakin zaman keçdikcə biri düşünən, digəri itaət edən; biri yaradan, digəri təkrarlayan insana çevrilir. Demək ki, insanı müəyyən edən təkcə başlanğıc deyil.
Fəlsəfi baxımdan insan hazır bir mahiyyətlə doğulmur; o, öz mahiyyətini həyat boyu qurur. Eyni şəraitdə böyüyən iki fərdin biri vicdanı seçib ucalarkən, digəri qorxuya sığınıb alçalırsa, bu artıq mühitin deyil, şüurun hökmüdür. Azad iradə insanın daxilində səssiz, amma qətiyyətli bir hakim kimidir: ona verilənləri ya aşır, ya da təkrar edir.
Psixoloji baxımdan isə fərqlilik daha incə qatlarda formalaşır. Hər insan fərqli temperamentlə, fərqli emosional həssaslıqla dünyaya gəlir. Eyni hadisə birinin yaddaşında yara açır, digərində müqavimət yaradır. İnsan başına gələnləri olduğu kimi deyil, qavradığı kimi yaşayır. Elə buna görə də eyni ailədə böyüyən iki uşaqdan biri qayğını sevgi kimi hiss edərkən, digəri onu məhdudiyyət kimi dərk edir. Bu daxili şərhlər sonradan insanın xarakterinə və həyata münasibətinə çevrilir.
Lakin bu fərqlilik insanı bəraətə çıxarmır. Əksinə, onu məsuliyyət qarşısında qoyur. Çünki eyni imkanlar içində böyüyüb fərqli insan olmaq, seçimin mümkün olduğunu sübut edir. İnsan nə tam valideyninin, nə də tam cəmiyyətin məhsuludur; o, öz şüurunun, vicdanının və qərarlarının nəticəsidir. Şərait başlanğıcdır, amma istiqaməti insan özü müəyyən edir.
İnsan bu həqiqəti dərk etdiyi anda bəhanələrdən azad olur və şəxsiyyətə çevrilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir