Rusiya Dövlət Dumasında yeni faşist təklif
Rusiya Dövlət Dumasına təqdim olunan yeni qanun layihəsinə əsasən, təcili tibbi yardım göstərən həkimlər, əgər pasiyent sığortasız xarici vətəndaşdırsa, bu barədə Daxili İşlər Nazirliyinə məlumat verməyə borclu olacaqlar.
Musavat.com-un xəbərinə görə, sənəddə qeyd olunur ki, belə hallar ölkədə qalma qaydalarının pozulması kimi qiymətləndirilməli və miqrantın deportasiyası üçün əsas sayılmalıdır.
Layihənin izahat qeydlərində xüsusi vurğulanır ki, sığorta olmadan Rusiyaya daxil olmağa qadağa artıq qüvvədədir. Əgər bu tələb ölkə daxilində pozularsa, bu, inzibati qaydada ölkədən çıxarılma qərarına səbəb olmalıdır.
Qanun layihəsinin müəllifləri arasında müxtəlif fraksiyalardan deputatlar var – Nina Ostanina, Mixail Matveyev, Vladislav Davankov və Aleksey Juravlyov.
Bu təşəbbüs Rusiya cəmiyyətində “tibbi etika ilə dövlət nəzarətinin sərhədləri” barədə müzakirə doğurub. Ekspertlər qeyd edirlər ki, belə bir norma həkim–pasiyent etibar münasibətlərini poza və miqrantların tibbi yardıma müraciət etməsini çətinləşdirə bilər.