IMG-20240819-WA0087

 

VAQİF OSMANLI

Şair İlqar Atabəylinin milli ruhlu lirik duyğularının səmimiliyindən doğulan şeirlərinə bir ilahi hisslər hakimdir. O, Vətən, millət, miili düşüncəyə köklənmş şeirləri ilə məni Abbas Səhhətin “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz” misralarına köklədi. Məni ağuşuna alan duyğulrdan bu düşüncələrim doğuldu.
İstiqlal şairimiz Xəlil Rza Ulutürkün təxəyyülündə qartala bənzəyir Azərbaycan. İlqar Atabəyli də poetik axtarışları ilə ulu Yurdun – qartala bənzəyən Azərbaycanın “Azadlıq simfoniyası”nı sözlə nota köçürüb. Bu şeirlərin ən ümdə cəhəti səmimilikdi, gerçəkləri demək cəsarətidi. Hay-küydən, sünilikdən, pafosdan uzaq düşüncələrdə dominant duyğular Vətənin bütövlüyü, azadlığı, tərəqqisidir.
İlqar müəllim uzun illərdi Azərbaycan, Turan eşqli bir ilahi yoldadır. Vətənin sevinci də, kədəri də, ağrı-acısı da onun qəlbindən keçir. Özünü anlayandan bəri ən etibarlı və kəsərli silahı – Vətəni yad nəfəsdən, ideologiyadan qoruyan sözü və qələmi heç vaxt susmayıb. O, bir ömür yaşayır – yarı sevinc, yarı qəm. Ancaq qürurla, ləyaqətlə yaşayır. Əsas məsələ odur ki, onun sevincində, kədərində, vətənsevərliyində, mənfiliklərlə mübarizəsində, uğurlara ürəkdən sevinməsində özüdür, heç kimi təkrarlamır. Onun “taleyini Tanrı yazıb, mələklər endirib Yer kürəsinə, alın yazısını isə özü”. Taleyini Tanrı yazanların ömür və yaradıcılıq yolu müqəddəsliklərdən keçir. Nə olsun ki, Yaradan “əzab qarışdırıb ömrün gözünə”. O, həmişə özüylədöyüşdədir:

Mən məğlub olmuşam özüm özümə,
Zorluqlar önündə diz qatlamadan.
Hikməti nədir ki, baxmır sözümə,
Ürək də döyünür hey çatlamadan.

Mən üsyan etmişəm öz həyatıma,
Miskin bir taleyə boyun əymədən.
Haradan enməyim düşmür yadıma,
Zaman ötüb keçir heç tükənmədən.

İqar Atabəyli sevda yolundadı. Bu yol onda izi olanları hara aparır? Bu yolun yorulmaz yolçuları – yolun kələkötüründən, onları gözləyən Təpəgözlərdən qorxmadan irəliləyənlər taleyin zərbələrinə sinə gərən Vətən daşlarıdır. Vətən daşı olmaq biganə vətəndaşdan hünərlidir.

Daim vuruşlara səngər qazmışam,
Bu sadə bir ömür yaşamaq deyil.
Öz alın yazımı özüm yazmışam,
Mənimki cismimi daşımaq deyil.

Alın yazısını özü yazmaq Tanrıya asilik deyil, qəhrəmanlıqdı. “Əzəldən əyninə kəfən geyənlərin” amalındakı Vətən eşqi hər eşqdən öndədi, ucadadı. Könlünü bu eşqə verənlərin sevgisinin mayasında, nüvəsində inam, etibar, sədaqət, sevgi durur. Bu mənəvi amillərlə silahlananlar bəzən tənha qalsalar da, təsəlliləri ondadır ki, “Allah özünə bənzədib” onları, həm də dərviş kimi mənəvi zəngindirlər.

Yer üzünə göydən enən,
Haqdan gələn bir dərvişəm.
Doludur söz ilə sinəm,
Yedinci qatdan enmişəm.

Ol dedilər, mən olmadım,
“Mən!” – deyənə tən olmadım.
Gəldim dünyaya, dolmadım,
Öz varlığımdan keçmişəm.

“Ruhu tənə (bədənə – V.O.) sığmayanlar” bəzən asi də olurlar: “nə üçün Yerdə doğuldum?” Tanrıya üsyan qaldırırlar ki, “əl götürsün dərd insandan!” Öz aramızdı, haqlı tələbdi, mərhəmətdi, həm də savaşdı – müqəddəs savaş. “Dərd” və “insan” məfhumları çağdaş zamanda az qala sinonim sözlər kimi səslənir. Ancaq İlqar müəllimin lirik qəhrəmanı kövrək deyil, mübarizələrdə bişib, əmindir ki, “köz içinə tullananları vicdanı qoymayacaq əyilməyə”.

İnsan ömrü yoxdu mənə,
Var olmaq da çoxdu mənə.

Şair özünə sual verir: “nə istəyirsən?” Şeirlərinin bir çox misralarında bu suala İlqar müəllim kimi mən də cavab aradım. Haqqa tapınanların nə istədiyi yüz-yüz illərdir axtarılır. Yəqin ki, heç Tanrı da bilmir hardadır. Babək, Nəsimi, Cavid, Sabir kimi fikir, cəsarət nəhəngləri – Haqqa tapındığından qolları kəsilənlər, dərisi soyulanlar, sürgündə donanlar, vərəmləyib dünyasını dəyişənlər əqidəsini bir cılız şeylərə – mala, sərvətə, titula, orden-medala, qorxuya dəyişərmi? Belələrinin qəlb sevdası, hünəri mənəviyyat meyarıdır.

Çürük beyinlərin yanından ötüb,
Gələcək düzənə yollar açıram.
Çirkin niyyətlərə “ölüm!” qışqırıb,
Haqqı sevənlərlə qucaqlaşıram.

İki əsrdən çoxdur ki, “Gülüstan”, “Türkmənçay” qılıncı, qayçısı iki yad və nankor qonşunun əli ilə Vətənimizin sinəsini, ürəyini iki yerə parçalayıb. Arada günahkar Araz olub, lal-dinməz axaraq qardaşı qardaşa, ananı balaya həsrət qoyub. Hamımız nə o taydayıq, nə də bu tayda, həsrətin qucağındayıq, sıxıb sinəsinə bizi bizdən ayırmaqdadı:

Səhərim açılır Səhənd dağında,
Yenə xəyalına dalıram, Təbriz.
Nə böyük əzabmış ayrılığın da,
Ətrini yellərdən alıram, Təbriz.

Övladlar yaracaq qaranlıqları,
Yollara gur işıq salıram, Təbriz.

Vətən aşiqlərini – “heç vaxt öz ömrünə sığmayanları” bu halından kim qurtaracaq? Bu sualın da yaşı yüz-yüz illərdi. Cavabını İlqar müəllim nəzmlə çözməyə çalışır, bir yaşam xəritəsi cızır, özünü ittiham edir, özünün “yaxasından bərk tutub silkələyir də, oyan, ey insan!” İlqar müəllim kmiləri ona görə özünə qəddardı ki, könül verdikləri, başına and içdikləri həqiqətə arxalanırlar, belələrinin Allahı həqiqətdir:

Özüm də bilirəm, qorxan deyiləm,
Məni cəhənnəm də qorxuda bilməz.
Bəndə deyiləm ki, hər gün əyiləm,
Məni Allah belə sarsıda bilməz.

İlqar Atabəylinin lirik düşüncələri çox incə mətləblərə tuşlanıb: “elə bil ikiyə bölünmüş ruham”, “bilmirəm dünyada varam, ya yoxam”, “müqəddəs bir şeyə inanmadım ki, başımı aldadıb deyəm ki, əyil”. Əslində seçdiyim misralar bir ömür dastanının şərəfli məqamlarıdır, şairin özünə hesabatıdır. Haqqa zəvvar olanlar “insanlığa taxt quranlardı:

Həqiqətə yollar çəkdik,
Haqq sevəni doğma bildik.
Bir məsləkə könül verdik,
Oynadıq cəng havasına.

Əzəldən əynimə kəfən geymişəm,
Mən azad yaşadım, azad öləcəm.
Yolların səmtini özüm ölçmüşəm,
Aydın bir sabaha köçüb gedəcəm.

İlqar müəllimin hər şeirində onun avtoportreti ilə qarşılaşıram. Əslində insanın özünü özündən yaxşı heç kim tanımaz. Ancaq gərək obyektiv olasan, daxilindəki eqo səni yolundan sapdırmaya, düzü düz, əyrini əyri yazasan. Buna isə həm də cürət lazımdır, cürətin varsa, əlahəzrət həqiqəti həyatından üstün sayacaqsan. İlqar Atabəyli həqiqəti həyatından üstün sayanlardandı, onu heç nəyin və heç kimin ayağına vermir, həqiqəti laqeydliklə tapdalayıb keçməyi ağlına gətirmir. “Cana möhtac olmayan düşüncə adamının, ulu yoldan dönməyən milli Vətən soraqlısının, düşməninə qurdtək baxan, bədöy atı şahə qalxan” Turan oğlunun çağırışlarında bütöv Azərbaycan inamı qanımızı coşdurur. Ulu Xaqanın (Mete – e.ə 209-174) hayqırtısını eşidirəm min illərin o tayından: “Yüzdə yüz Türk olduğun zaman cahan sənindir!”

Türklər gəlir, Turan deyə,
Məqsəd bəlli, budur qayə.
Bozqurdlar dönməz geriyə,
Dünyaya məğrur gəlmişik.

Əsarətdə qala bilməz,
Özünə Türk deyən kişi.
Taleyindən soyu silməz,
Qurd libası geyən kişi.

“Üzü göyə qurd oğlu qurd” anlamalıdır ki, Türk Türkə qılınc qaldırandan Ulu Türkün bəlaları başlayıb. “Azadlıq simfoniyası” da bu notlar üzərində lövhələrdi.
İlqar Atabəyli həmişə narahatdı, ona görə də ruhunun nəğmələrini oxuyur, onu ruhdaşları eşidir və anlayır. O, Dədə Qorqud sayağı car çəkir: “hardadır bəy ərənlər, dünya mənimdir deyənlər?” İmdada şamanı çağırır, bizi inandırır ki, “Türkü bəlalardan hifz eləməyə Tanrı böyüklükdə adamlar gərək”. Haydı, Vətən oğulları!

Şaman, qavalını çal, sənə qurban,
Türk ruhu min ildir yolundan azıb…
Yandır, geri qaytar ölən ruhları,
Yatanı min illik yuxudan oyat…
Tanrıya sual ver, sor, sənə qurban,
Bu necə taledi bizə yazılıb?

Ulu Türk taleyini özü yazacaq. Bu, İlqar Atabəylinin “simfoniyası”nı “dinləyəndən” sonra gəldiyim qənaətdi. O, məni inandırdı, ona inanmamağa da haqqım yoxdu. Əmindir ki:

Türk soyu birləşib Turan quracaq,
Qeybdən xəbərdar Qorqud kimiyəm…

VAQİF OSMANLI
18.08.2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir