
Millət özünü yaratdığı mədəniyyətlə, yaşatdığı dəyərlərlə təsdiq edir. Millətin böyüklüyü yalnız ərazisinin genişliyi ilə deyil, onun ruhunun və yaddaşının gücü ilə ölçülür. Bu yaddaş isə dilində, musiqisində, adətində və simvollarında yaşayır.
Bir millətin azadlığı çox vaxt onun dəyərlərinin azad yaşamasından keçir. Dəyərlər sıxışdırıldıqda millətin ruhu da sıxışdırılır. Dəyərlər unudulduqda isə millət öz yaddaşını itirməyə başlayır.
Təəssüf ki, bizim cəmiyyətdə uzun illərdir davam edən bir xəstəlik var: öz dəyərlərini kiçiltmək xəstəliyi. Bizim içimizdə elə adamlar var ki, milli olan hər şeyə şübhə ilə baxır, onu köhnəlik və gerilik kimi təqdim edir.
Bu mənzərəni görəndə istər-istəməz Asif Atanın sərt sözləri yada düşür. O, belə bir halı açıq şəkildə vətənsizlik adlandırırdı:
“Vətənsizlik — xalqına inanmamaq, Xalq Ruhuna və İdrakına yad olmaq deməkdir.
Vətənsizlik — Qərbi yamsılamaq, təqlid etmək və bu miskinliklə öyünməkdir.
Vətənsizlik — kökündən ayrılmaq, tarixindən qopmaq və süniləşmək deməkdir.”
Bu sözlər bəzilərinə sərt görünə bilər. Amma reallıq çox vaxt sərt olur.
Son vaxtlar bunun başqa bir təzahürünü də görürük. Bəzi dini çevrələr Azərbaycan qadınının əsrlər boyu daşıdığı milli baş örtüyü olan Kəlağayıya müxtəlif iradlar bildirməyə başlayıblar. Halbuki kəlağayı təkcə bir parça deyil — bu, xalqın estetik zövqünün, qadın ləyaqətinin və milli kimliyinin rəmzidir.
Maraqlıdır ki, bəzən türk qadınına tarixən yad olan başqa örtüklər daha “doğru” kimi təqdim edilir, amma öz torpağımızın yaratdığı simvol köhnəlik kimi qələmə verilir. Bu isə sadəcə dini seçim mübahisəsi deyil; bu, milli dəyərlərə qarşı yaranan yadlaşmanın daha bir əlamətidir.
Amma həyat bəzən bu riyakarlığı çox sadə bir nümunə ilə ifşa edir.
Demək olar ki, yəhudi əsilli bakılı Veronika Yakubova bu gün uzaq Amerikada Azərbaycan musiqisini sevə-sevə təbliğ edir. O, xalq mahnılarımızı və muğamlarımızı elə bir həvəslə ifa edir ki, sanki bu musiqi onun öz ruhundan doğulub.
O, Azərbaycan dilində danışır, Azərbaycan musiqisi ilə fəxr edir və bu mədəniyyəti yaşatmağı özünə şərəf hesab edir. Hətta Amerikada keçirilən Azərbaycan toylarında onu “Azərbaycan toylarının kraliçası” adlandırırlar.
İndi isə bir anlıq düşünək.
Uzaq Amerikada yaşayan bir yəhudi qızı Azərbaycan musiqisini sevir, onu qoruyur və dünyaya təqdim edir. Amma Bakının özündə elə adamlar var ki, milli musiqini eşidəndə üzlərini turşudur, ana dilində danışmaqdan çəkinir və yad dillərdə danışmağı “mədəniyyət” hesab edir.
Bu mənzərə sadəcə gülməli deyil — acı həqiqətdir.
Deməli, məsələ millətin qanında deyil. Məsələ millətin özünə münasibətindədir.
Millət özünə hörmət etmirsə, başqalarının hörmətini də qazana bilməz. Öz dəyərini ucuzlaşdıran millət gec-tez başqasının kölgəsində yaşamağa məcbur qalır.
Tarix boyu böyük millətlər bir xüsusiyyəti ilə seçiliblər: onlar dəyişiblər, inkişaf ediblər, amma öz köklərini inkar etməyiblər.
Kökünü kəsən ağac isə uzun yaşamır.
Bu gün bizim üçün əsas sual budur:
biz öz dəyərlərimizi yaşatmaq istəyirik, yoxsa onları yad baxışların hökmünə buraxıb sonra kənardan baxmaq istəyirik?
Çünki tarixdə çox millətlər olub ki, onları məhv edən düşmən orduları deyil, özlərinə olan inamsızlıq olub.
Millətin məğlubiyyəti çox vaxt döyüş meydanında deyil — ruhunda başlayır.
Əgər bir millət öz dəyərlərinə şübhə ilə baxmağa başlayırsa, onun məğlubiyyəti artıq başlanıb.
Çünki milləti məhv edən ilk zərbə düşmənin qılıncı deyil — öz övladlarının yaddaşsızlığıdır.
Və yaddaşını itirən millət tarixdən də silinməyə məhkum olur.