Əgər ölkəmizdə xarici güclərin dəstəyi ilə islam inqilabı baş verərsə və insanlarımızın onları dəstəkləyəcəyini görərəmsə, təəccüb etmərəm. Ona görə ki, insanlar yolunu azıb. Hərcayilik və əxlaqsız davranışlar tədricən həyat tərzinə çevrilir.
Muasirlik çətiri altında insanların çıxarmadığı hoqqa qalmadı. Silikon dodaqlar və ombalar dəbə düşüb. Sosial şəbəkələr üfunət verən platformaya çevrilib, sanki əxlaqsız yuvasıdır. TV-lərə ailəvi baxmaq müşkülə çevrilib, çünki qarşına çıxacaq verilişdə nə göstəriləcəyindən ehtiyatlamağa məcbur olursan.
Küçələrdə elə “mənzərə”lərlə rastlaşırıq ki, sanki başqa bir məmləkətdəyik. “Qadın”ların kafe və restoranlarda çıxmadıqları hoqqa qalmayıb: nümayişkaranə siqareti-siqaretə calamaqları, fəxrlə qəlyan çəkmələri və s. Anlamaq olmur, bu insanların valideyinləri, qardaşları, ağsaqqalları, ağbirçəkləri yoxdurmu? Bunlar hansı mentalitetdən qidalanıb bu tərbiyənin sahibi olublar? Mentalitet budurmu? Mentalitet güzgüsündə özümüzə baxırıqmı? Yəqin ki, bəziləri bu güzgüdə özlərini görəndə özlərinə vurulurlar. Və nəhayət bunlar necə ailə quracaqlar, zəhərlənmiş bədənlə necə uşaq doğacaqlar? Bəlkə də buna görə bəziləri it, pişik saxlayırlar. İt, pişiyə ana olmaq üçün məsuliyyət daşımaq daha rahatdır. Ümumiyyətlə, bu həyat tərzini özlərinə məqbul sayanlar, ailə sahibi olacaqmı? Çətin! Təəssüflə deyə bilərik ki, belə gənclər millətin üz qaralarıdır. Bunların arasında bu söz çox populyar olub “azad insanam, öz həyatımı yaşayıram”. Belə azadlıq insana xas həyat tərzi deyil. Yəqin vəhşiləşməyə doğru gedirik. Yazıqlar olsun ki, bu kəslər azadlıqla hərcayiliyi dəyişik salıblar.
Bax beləcə, əziz həmvətənlərim, milli-mənəvi davranışlarımız doğru-düzgün təbliğ olunmadığına görə cəmiyyət çaşqıın bir vəziyyətdədir. Bu səbəbdən də ailə institutumuz deqradasiyaya uğrayır. “Ziyalı”lar da ki öz başlarını qorumaqla məşğuldur. “Məndən ötsün, kimə dəyir-dəysin” düşüncəsi manqurtluq əlamətidir, yəni milli ruhuna qeyri-insani münasibət, soy-kökünü tanımamaqşüurlu insana xas olan münasibət deyil. Ortaya haqlı sual çıxır, onlar nədən qorunur? Məgər millətin deqradasiyaya uğraması onların qeyrətinə təsir etmirmi? Ya özlərini bu millətdən hesab etmirlərmi?
Biz hara gedirik!!!
Bu gedişat bizi İrana, Əfqanıstana aparacağına işarət deyilmi?
Bəzən bu gedişatların nəticəsində islam inqilabları baş verir.
Cəmiyyət əxlaqsızlığa yuvarlananda çərəsiz qalan insanlar “qurban olum Məhəmmədin şəriətinə” deyib, dini-xurafata üz tuturlar və nəticədə yağışdan çıxıb yağmura düşürlər.
İranda olan islam inqilabını nə tez unutdunuz? Və yaxud da, Türkiyədə dinə meylli iqtidarın üzün müddət hakimiyyətdə qalmasının bir səbəbi də bu deyilmi?
…Düşünün!
Belə bir zamanda ruhsal aydınlarımız (əgər varsa) səsini qaldırmalı, səsimizə səs verməlidir. Əks-təqdirdə qlobalistlərin qarşısında özümüzü, özümlüyümüzu qoruya bilməyəcəyik və nəticədə əriyib tarixin arxivinə yan alacağıq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!