Torpaq boş qalmır.

Əgər sən onu əkib-becərmirsənsə, başqası əkəcək. Əgər öz toxumunu səpmirsənsə, özgənin toxumu cücərəcək. Bu, yalnız torpağa deyil, insan şüuruna da aiddir.

Xalqın mənəvi və ideoloji həyatı da bir torpaqdır.

Bu gün Azərbaycan, bütövlükdə isə Türk dünyası yad ideyaların, yad ideologiyaların, yad düşüncə modellərinin təsirinə açıq bir məkana çevrilib. Müxtəlif qüvvələr öz dünyagörüşlərini bu coğrafiyanın şüuruna yerləşdirməyə çalışırlar. Biri din gətirir, biri siyasi ideologiya, biri həyat tərzi, biri mədəni model, biri də hazır “həqiqət”.

Onlar öz işlərini görürlər.

Əsas məsələ isə budur: biz öz işimizi görürükmü?

Əgər görmürüksə, məsuliyyəti yalnız özgədə axtarmaq doğru deyil.

Çünki yad ideyanın gücü yalnız onun özündə deyil. Onun gücü qarşısında dayana biləcək öz düşüncəmizin zəifliyindədir.

Bir xalqın şüurunda boşluq yaranırsa, o boşluq uzun müddət boş qalmır.

Özgə gəlir və onu doldurur.

Müstəqillik anlayışını çox vaxt yalnız dövlət, sərhəd və siyasi hakimiyyətlə əlaqələndiririk. Halbuki insanın və xalqın daha dərin bir müstəqilliyi vardır: düşüncə müstəqilliyi.

Düşüncəsi başqasından asılı olan xalq siyasi baxımdan müstəqil olsa belə, mənəvi baxımdan asılı qala bilər.

Çünki insan əvvəlcə düşüncədə istiqamətini itirir, sonra iradəsini.

Əvvəl özgənin suallarını öz sualı hesab edir.

Sonra özgənin cavablarını öz həqiqəti.

Nəhayət, özgənin ölçüləri ilə özünü qiymətləndirməyə başlayır.

Bu, mənəvi asılılığın ən təhlükəli formasıdır.

Çünki insan artıq əsarətdə olduğunu hiss etmir.

Burada ziyalının məsuliyyəti meydana çıxır.

Ziyalı yalnız savadlı insan deyil. Çox kitab oxumaq, elmi ad daşımaq, informasiya toplamaq hələ ziyalılığın özü deyil.

Ziyalı — cəmiyyətin düşüncə məsuliyyətini dərk edən insandır.

O, xalqın şüuruna hansı toxumların səpildiyini görməlidir.

Hansı fikir insanı yüksəldir?

Hansı fikir onu asılı edir?

Hansı inam insanı mənəviləşdirir?

Hansı ideologiya onu öz mahiyyətindən uzaqlaşdırır?

Hansı “yenilik” həqiqətən yenilikdir, hansı isə qədim asılılığın yeni adıdır?

Bu suallar verilmədikdə ziyalı yalnız məlumatlı insana çevrilir.

Məlumatlı olmaq isə düşünmək demək deyil.

Ən ağrılı məsələ budur ki, yad ideologiyaların fəallığı qarşısında bizim ziyalı mühitimizin bir hissəsi susur.

Sükut bəzən neytrallıq kimi görünür.

Əslində isə hər zaman neytral deyil.

Çünki düşüncə meydanında sən danışmırsansa, başqası danışır.

Sən öz həqiqətini ifadə etmirsənsə, başqasının həqiqəti sənin yerinə danışır.

Sən öz dəyər ölçünü yaratmırsansa, səni başqasının ölçüsü ilə ölçürlər.

Ona görə də ideoloji boşluq heç vaxt boşluq olaraq qalmır.

Türk dünyasının qarşısında duran əsas məsələ özgə ideyaları qapıdan içəri buraxmamaq da deyil.

Bu mümkün deyil.

Dünyadan təcrid olunmuş xalq inkişaf edə bilməz.

Məsələ özgə fikrə qapını bağlamaq yox, öz düşüncə qapısının açarını öz əlində saxlamaqdır.

Dünyanın bütün böyük ideyaları ilə tanış olmaq olar.

Onları öyrənmək olar.

Onlardan faydalanmaq olar.

Hətta onların içindəki həqiqətləri mənimsəmək də olar.

Amma bir şərtlə:

özünü itirmədən.

Özgəni tanımaq özgələşmək deyil.

Özgənin qarşısında özünü unutmaq özgələşməkdir.

Bir xalqın böyüklüyü onun nə qədər çox ideologiya qəbul etməsində deyil.

Onun böyüklüyü öz ideya yaradıcılığı ilə ölçülür.

Tarixdə öz sözünü deməyən xalqlar çox vaxt başqalarının yaratdığı sistemlərin içində yaşayıblar.

Öz sözünü deyən xalqlar isə tarixə təsir ediblər.

Deməli, bizim əsas problemimiz yalnız yad ideologiyaların çoxluğu deyil.

Əsas problem öz ideoloji və fəlsəfi yaradıcılığımızın yetərincə güclü olmamasıdır.

Bostanı qorumağın ən yaxşı yolu hasarı yüksəltmək deyil.

Onu öz toxumlarınla zənginləşdirməkdir.

Azərbaycanın və Türk dünyasının mənəvi gələcəyi də bundan asılıdır.

Biz yalnız başqalarının nə düşündüyünü müzakirə etməklə kifayətlənə bilmərik.

Özümüz düşünməliyik.

Yalnız başqalarının fəlsəfəsini öyrənməklə kifayətlənə bilmərik.

Öz fəlsəfi suallarımızı yaratmalıyıq.

Yalnız özgənin dəyərlərini seçmək qarşısında qalmamalıyıq.

Öz dəyərlərimizi müəyyənləşdirməliyik.

Çünki özünü dərk etməyən xalqın gələcəyini həmişə başqaları müəyyənləşdirir.

Bu səbəbdən məsələ sadəcə ideoloji təsirdən qorunmaq deyil.

Məsələ öz mənəvi varlığını yaratmaqdır.

Öz sözünü deməkdir.

Öz düşüncə yolunu açmaqdır.

Öz toxumunu öz torpağına səpməkdir.

Və nəhayət, öz bostanının sahibi olmaqdır.

Çünki torpağın müstəqilliyi sərhədlə, xalqın müstəqilliyi isə düşüncə ilə başlayır.
Düzgün Atalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir