
Son vaxtlar bəzi din fanatlarının dini tənqidə münasibəti narahatedici həddə çatıb. Kimsə dini ehkamları sorğulayanda və ya din haqqında tənqidi fikir söyləyəndə dərhal Azərbaycan bayrağının yaşıl rəngini arqument kimi önə çəkirlər. Sanki bayraqdakı yaşıl rəng dini toxunulmazlıq haqqında maddədir.
Halbuki bayrağın yalnız yaşıl rəngi yoxdur.
Mavi türkçülüyü, qırmızı müasirliyi və çağdaşlaşmanı, yaşıl isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Bu rənglər birlikdə Azərbaycan kimliyinin bütövlüyünü yaradır. Ona görə də bir rəngi digərlərindən ayıraraq milli kimliyin əsas, hətta yeganə ölçüsünə çevirmək bayrağın mənasını öz məntiqindən çıxarmaqdır.
Əgər yaşıl rəng dinə tənqidi münasibəti qəbuledilməz edirsə, onda mavi və qırmızı rənglərin ifadə etdiyi türkçülük və müasirliklə nə edəcəyik?
Müasirlik isə hər şeydən əvvəl sual vermək, düşünmək və tənqid etmək cəsarətidir.
Dini tənqid etmək dinə qarşı düşmənçilik demək deyil. İnanan insan öz inancını yaşamaqda azaddır; inanmayan da öz mövqeyində. Bir insan dini qəbul edə, digəri onu fəlsəfi və ya ictimai baxımdan tənqid edə bilər. Sekulyar cəmiyyətin mahiyyəti məhz bu müxtəlifliyin yanaşı mövcudluğudur.
Sekulyarlığı dinsizlik kimi təqdim etmək də ciddi yanılmadır. Sekulyar dövlət dinə qarşı deyil; dövlətin hər hansı dini dünyagörüşünün hökmü altına düşməsinə qarşıdır. Onun məqsədi dini cəmiyyətdən silmək yox, həm dindarın, həm də dindar olmayanın vicdan və düşüncə azadlığını qorumaqdır.
Bu baxımdan dini tənqid etmək də həmin azadlığın bir hissəsidir.
Əgər hər hansı fikir özünü tənqiddən azad elan edirsə, artıq söhbət sadəcə inancdan getmir. Çünki inanc şəxsi seçimdir, fanatizm isə həmin seçimi başqalarına məcbur etmək istəyidir.
Burada milli kimliklə dini kimliyi eyniləşdirməkdən xüsusilə çəkinmək lazımdır. Çünki dinin mahiyyəti millilik deyil. Din özünü müəyyən bir xalqın sərhədləri ilə məhdudlaşdırmır; insanı milli mənsubiyyətindən asılı olmayaraq eyni inanc çərçivəsində birləşdirməyə çalışır. Tarix boyu dini ideologiyalar bir çox hallarda milli kimlikləri arxa plana keçirib, insanı öz milli yaddaşından, dilindən və mənəvi köklərindən daha üstün hesab etdiyi dini kimliyə bağlayıb.
Azərbaycan xalqının tarixində də bu qarşıdurmanın izlərini görmək mümkündür. İslamın qəbulundan sonra xalqımızın qədim dünyagörüşü, mənəvi yaddaşı və milli özünüdərki uzun müddət dini çərçivənin içində sıxışdırılıb. Sonrakı dövrlərdə isə milli oyanış insanın öz kimliyini dini kimlikdən ayıraraq yenidən dərk etməsi ilə güclənib.
Bu gün Azərbaycan dövlətinin dünyəvi xarakter daşıması təsadüfi deyil. Dünyəvilik milli kimliyi dinin kölgəsindən çıxararaq vətəndaşın düşüncə və vicdan azadlığını önə çəkir.
Ona görə də milli kimliyi dini kimliyin əlavəsinə çevirmək olmaz.
Azərbaycanlı olmaq hər hansı dini ehkamı qəbul etmək şərti ilə verilən kimlik deyil.
Bizim milli kimliyimiz dindən daha qədimdir və heç bir dini dünyagörüşünün mülkiyyətində deyil.
Azərbaycan bayrağı da məhz buna görə heç bir dini qrupun şəxsi simvolu sayıla bilməz. O, bütün Azərbaycan vətəndaşlarının bayrağıdır.
Möminin də, ateistin də, aqnostikin də.
Dini müdafiə edənin də, onu tənqid edənin də.
Çünki dövlətin və bayrağın vətəndaşa münasibəti onun hansı metafizik inanca sahib olmasından asılı olmamalıdır.
Azərbaycanın gələcəyi də yalnız keçmişin ehkamlarını təkrarlamaqla qurulmayacaq. Bunun üçün elmə, azad düşüncəyə, hüquqa və müasir dünyagörüşünə ehtiyac var. Millətin gücü onun nə qədər itaətkar olmasında deyil, nə qədər sərbəst düşünə bilməsindədir.
Buna görə bayrağa bütöv baxmaq lazımdır.
Mavi — kimliyimizi və kökümüzü,
yaşıl — tarixi-mədəni yaddaşımızı,
qırmızı — müasirliyə və gələcəyə yönəlmiş iradəmizi xatırladır.
Azərbaycanı yalnız bir rəngə sığışdırmaq mümkün deyil.
Bayrağımızın verdiyi mesaj budur: kökünü unutma, kimliyini qoru, amma düşüncəni gələcəyə bağla.
Çünki azad düşüncə milli kimliyə zidd deyil. Azad düşüncə müasir Azərbaycanın təməlidir.
Düzgün Atalı