XXI əsrdir. Dünya dəyişir, imkanlar genişlənir, insanın qarşısında görünməmiş bilik və informasiya imkanları açılır. Amma bütün bunların içində daha vacib bir sual var:

İnsanın təfəkkürü nə qədər inkişaf edib?

Bir insan “Allah yoxdur” dediyinə görə döyülürsə, problem onun inancında və ya inancsızlığında deyil. Problem fərqli düşüncəyə dözə bilməyən təfəkkürdədir.

İnsanların eyni düşünməməsi faciə deyil. Kimsə inanır, kimsə inanmır. Biri həqiqəti dində, digəri fəlsəfədə, elm və düşüncədə axtarır. Faciə fərqli fikrə zorakılıqla cavab verməkdir.

Əgər bir fikrə arqumentlə deyil, yumruqla cavab veririksə, deməli, hələ düşüncənin gücünü zorun gücündən üstün tutmağı öyrənməmişik.

Toplum sanki cəhalətlə mədəniyyət arasında çabalayır. İnsan müasir dünyanın içində yaşayır, amma şüuru bəzən keçmişin qorxuları, xurafatları və kor-koranə ehkamları ilə bağlı qalır.

Çünki inkişaf yalnız maddi dəyişiklik deyil.

Əsl inkişaf insan təfəkkürünün inkişafıdır.

İnsan sorğuladıqca, düşündükcə, fərqli fikrə qulaq asdıqca və həqiqəti hazır ehkamlarla deyil, öz təfəkkürü ilə axtardıqca yüksəlir.

Mədəniyyət də burada başlayır.

Sən mənim kimi düşünmürsən — mən yenə də sənin düşünmək haqqına hörmət edirəmsə, bu mədəniyyətdir.

Sənin fikrin mənim fikrimə ziddir — mən sənə yumruqla deyil, sözlə cavab verə bilirəmsə, bu inkişafdır.

Çünki yumruq düşüncənin deyil, düşüncəsizliyin silahıdır.

Bəlkə də biz əvvəlcə şəhərlərimizi deyil, təfəkkürümüzü ucaltmalıyıq.

İnkişaf — əsassız qorxulardan, xurafatdan və kor-koranə ehkamçılıqdan qurtulmaq, təfəkkürlə ucalmaqdır.

Əsl müasirlik insanın fərqli düşüncədən qorxmadığı gün başlayır.

Düzgün Atalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir