
O bildirib ki, bu gün Qərbi azərbaycanlılar heç vaxt olmadığı qədər öz vətənlərinə, tarixi yurdlarına qayıtmağa yaxındırlar:
“Dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunması, onların öz tarixi torpaqlarına qayıtması, əcdadlarımızın bizə miras qoyduğu coğrafiyada mədəniyyətimizin yenidən dirçəldilməsi hər bir azərbaycanlının həm arzusu, həm də haqqıdır.
Bu baxımdan, Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlər də məhz bu istiqamətdə hüquqi bazanın genişləndirilməsi, nəzəri tədqiqatların praktik nəticələrə çevrilməsi məqsədini daşıyır.
Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, 30 illik işğal dövründə və torpaqlarımız azad edilərkən ölkəmiz həm də ərazi bütövlüyünün hüquqi bazasını genişləndirib. Bu, beynəlxalq təşkilatların qəbul etdiyi bəyanatlarda, ikitərəfli münasibətlərdə Azərbaycanın ərazi bütövlüyünə xüsusi yer ayrılması ilə özünü göstərib. Bu kimi tədbirlər həm hüquqi bazanın genişləndirilməsi, həm də ictimai diqqətin Azərbaycan həqiqətlərinin tanıdılmasına, beynəlxalq ictimaiyyətin diqqətinin tarixi ədalətin bərpasına yönəldilməsinə xidmət edir.
Biz əminik ki, xalqımız bu tarixi vəzifənin öhdəsindən layiqincə gələcək. Çünki bu, həm də Prezident İlham Əliyevin irəli sürdüyü yeni milli ideya fəlsəfəsinin əsas istiqamətlərindən biridir – inzibati sərhədlərimizdən kənarda da Azərbaycan mədəniyyətini, dilini və tarixini qorumaq.
Azərbaycan dövləti və xalqı bu məqsədə də mütləq nail olacaq”.