Fransa Prezidenti Emmanuel Macron Ermənistana səfəri zamanı diqqət çəkən açıqlamalar verib. O, çıxışı zamanı Rusiyanın hərbi mövcudluğunun simvolu sayılan Gümrü hərbi bazası yaxınlığında dayanaraq regiondakı geosiyasi vəziyyətə toxunub.
Makron çıxışında bildirib ki, Fransa Ermənistanın suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcək.
Onun sözlərinə görə, Cənubi Qafqazda sabitlik yalnız beynəlxalq hüquqa əsaslanan yanaşma ilə mümkündür. Bu bəyanatlar bəzi ekspertlər tərəfindən dolayısı ilə Rusiyanın regiondakı roluna mesaj kimi qiymətləndirilir.
Məlum olduğu kimi, Gümrüdə yerləşən baza Rusiya Silahlı Qüvvələri tərəfindən idarə olunur və Ermənistanın təhlükəsizlik sistemində mühüm yer tutur. Makronun məhz bu məkana yaxın ərazidə çıxış etməsi siyasi jest kimi şərh edilir.
Analitiklər hesab edir ki, bu addım Fransa ilə Rusiya arasında təsir uğrunda rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Ukrayna müharibəsindən sonra Moskvanın regiondakı mövqeyi zəiflədiyi bir vaxtda, Parisin fəallaşması diqqət çəkir.
Hazırda rəsmi Moskva tərəfindən bu çıxışa münasibət bildirilməsə də, hadisənin diplomatik müstəvidə rezonans doğuracağı gözlənilir.
Rabil Cəfərli