
İnsan tarix boyu yaşamaq üçün vasitələr yaradıb. Torpaq becərib, əmək alətləri düzəldib, mal mübadiləsi aparıb, istehsal qurub. Bütün bunların məqsədi həyatı asanlaşdırmaq idi. İqtisadiyyat da insanın ehtiyaclarından doğmuşdu – yaşamaq, qorunmaq və rifah qazanmaq ehtiyacından. O, insanın xidmətçisi olmalı idi. Ancaq tarix göstərir ki, bəzən insanın yaratdığı sistemlər zamanla onun üzərində hökmranlıq etməyə başlayır. İqtisadiyyat da belə oldu: vasitə məqsədə çevrildi, xidmətçi ağa oldu.
Ən qədim dövrlərdə insan daha çox natural təsərrüfat şəraitində yaşayırdı. İstehsal əsasən ehtiyac üçün idi. Sonralar sənaye inqilabı baş verdi, istehsal genişləndi, bazarlar yarandı, kapital toplandı. Bu inkişaf tərəqqi gətirsə də, insan həyatının ritmini dəyişdirdi. Fabriklər insanın vaxtını müəyyən etdi, bazarlar davranışını formalaşdırdı, qazanc həyatın əsas meyarlarından birinə çevrildi. Müasir dövrdə isə iqtisadiyyat təkcə ehtiyac ödəmir – o, arzular yaradır, seçimləri istiqamətləndirir, bəzən düşüncə tərzini belə formalaşdırır.
Bu gün insanın dəyəri çox vaxt vicdanı, ağlı və şəxsiyyəti ilə deyil, qazancı, vəzifəsi və maddi imkanı ilə ölçülür. “Necə insansan?” sualı arxa plana keçir, “nəyə maliksən?” sualı önə çıxır. Beləcə insanilik yavaş-yavaş iqtisadi göstəricilərin kölgəsində qalır.
Əvvəllər insan işləyirdi ki, yaşasın. İndi isə çox hallarda yaşayır ki, işləsin. Səhərlər yorğun başlanır, günlər qazanc uğrunda keçir, ömür isə hiss olunmadan azalır. İnsan ailəsinə, ruhuna, düşüncəsinə sərf etməli olduğu vaxtı iqtisadi tələblərə verir. Pul qazanmaq həyatın bir hissəsi olmaqdan çıxıb, bəzən həyatın özünə çevrilib.
Müasir iqtisadi sistemin mühərriklərindən biri rəqabətdir. Rəqabət inkişaf gətirə bilər; lakin həddini aşanda insanı insana qarşı qoyur. Başqasının uğuru ilham yox, təhlükə kimi görünməyə başlayır. Həyat əməkdaşlıqdan çox yarışa çevrilir. Yarış böyüdükcə mərhəmət azalır, vicdan zəifləyir, mənəviyyat geri çəkilir.
Bu vəziyyət təkcə iqtisadi deyil, həm də mənəvi problemdir. Çünki insan yalnız çörəklə yaşamır. Onun ədalətə, sevgiyə, mənaya və inama ehtiyacı var. Maddi bolluq bu ehtiyacları əvəz edə bilmir. Tarixdə zəngin cəmiyyətlərin daxilən böhran yaşaması bunun sübutudur.
insanın öz əməyindən, yaratdıqlarından və sonda özündən yadlaşmasından danışırdı. Bu yadlaşma indi daha geniş görünür. İnsan bəzən yaratdığı iqtisadi sistemlərin içində öz mahiyyətini itirir. O, işlədiyi işin mənasını hiss etmir, istehsal etdiyinə bağlılıq duymur, özünü yalnız funksiyaya çevrilmiş kimi görür. Beləcə insan yaşadığı həyata belə yadlaşmağa başlayır.
Üstəlik XXI əsrdə yeni bir mərhələ yaranıb: texnologiya və süni intellekt dövrü. İnsan alqoritmlər qurdu, rəqəmsal platformalar yaratdı. İndi isə həmin sistemlər insanların diqqətini, davranışını və hətta gündəlik ritmini müəyyənləşdirir. İnsan texnologiyanı idarə etməli idi, amma çox zaman texnologiyanın diktə etdiyi sürətlə yaşayır. Bu da iqtisadi asılılığın yeni formasıdır.
Bu dəyişiklikləri uzaqda axtarmağa ehtiyac yoxdur. Bizim cəmiyyətimizdə də bəzən insanın dəyəri mənəviyyatı ilə yox, imkanları ilə ölçülür. Gənclər arasında nüfuz anlayışı bəzən bilikdən çox göstərişə bağlanır. Sosial şəbəkələrdə həyatın mənası deyil, nümayişi önə keçir. İnsan olmaqdan çox, görünmək vacib sayılır. İstehlak tədricən ehtiyacdan status simvoluna çevrilir.
Lakin çıxış yolu yalnız iqtisadi mexanizmlərin dəyişməsində deyil. Problem insanın yaratdığı sistemlərdə olduğu qədər, insanın özündən uzaq düşməsindədir. Çünki mənəviyyat zəifləyəndə iqtisadiyyat hökmranlaşır; insan kiçiləndə yaratdığı qurumlar böyüyür.
bu gedişin qarşısını İnsanın öz mahiyyətinə qayıtmasında görürdü. Onun qənaətinə görə çıxış yolu daha çox qazancda, daha çox istehlakda və ya daha güclü iqtisadi sistemdə deyil — İnsaniliyin yüksəlişindədir.
İnsan qazancı vicdandan üstün tutmamalıdır. Əmək yalnız dolanışıq vasitəsi deyil, mənəvi ifadə olmalıdır. Təhsil peşə ilə yanaşı xarakter yetişdirməlidir. Cəmiyyət sərvəti deyil, ləyaqəti ölçü vahidinə çevirməlidir.
Çünki insan daxilən böyümədən qurulan rifah müvəqqətidir.
Asif Ata düşüncəsinin mahiyyəti budur: İqtisadiyyat İnsan üçün olmalıdır; İnsan iqtisadiyyat üçün yox. İnsanilik yüksəlmədikcə nə siyasi dəyişiklik, nə iqtisadi inkişaf, nə də texnoloji tərəqqi bəşəri xilas edə bilməz.
Beləliklə, çıxış yolu sistemlərin dəyişməsindən əvvəl İnsanın dəyişməsidir. Çünki İnsan ucalanda yaratdığı quruluşlar da ucalar; İnsan kiçiləndə isə ən güclü sistemlər belə zülmə çevrilə bilər.
Və bəlkə də ən ağır həqiqət budur:
İqtisadiyyat böyüyüb, bazarlar genişlənib, texnologiyalar inkişaf edib… amma insan daxilən azalırsa, bu inkişaf deyil — başqa formada məğlubiyyətdir.
Düzgün Atalı