Var-dövlət hərisliyi insanı məhv etməklə kifayətlənmir — insanlığı da öz mahiyyətindən uzaqlaşdırır.
İnsan əvvəlcə sərvəti yaratdı, sonra sərvət insanı idarə etməyə başladı. Pul insanın ehtiyaclarını ödəmək üçün vasitə idi; zaman keçdikcə həyatın məqsədinə çevrildi. İnsan qazandıqca daha çox istədi, daha çox istədikcə isə daha çox qazanmaq məcburiyyətində qaldı. Beləcə, vasitə məqsədə, məqsəd isə insanın özünə çevrildi.
İnsan artıq sərvətə sahib olmur — sərvət insanın sahibinə çevrilir.
Bu çevrilmə ilə birlikdə insanın təbiətə, həyata və öz varlığına münasibəti də dəyişdi. Təbiət müqəddəs bir varlıq olmaqdan çıxaraq mənfəət mənbəyinə çevrildi. Qida insanı yaşatmaq üçün yaradılmalı olduğu halda, qazanc vasitəsinə çevrildi. İnsan sağlamlığının yerini mənfəət, həyatın yerini istehlak, mənanın yerini isə maddi yığım tutdu.
Bu gün süfrəmizə gələn qidanın belə insan həyatına nə dərəcədə uyğun olduğunu soruşmağa məcburuq. Pul qazanmaq ehtirası naminə insan öz sağlamlığını, gələcək nəsillərin taleyini və hətta həyatın özünü təhlükəyə atır. Nəticədə səbəbi tam dərk edilməyən xəstəliklər artır, insan isə öz yaratdığı dünyanın içində öz sağlamlığını itirir.
Ən böyük faciə isə bəlkə də xəstəliklərin çoxalması deyil.Ən böyük faciə odur ki, insan bu vəziyyətə alışır.
O, gördüyü fəlakəti həyatın dəyişməz qanunu hesab edir. Halbuki insanın yaratdığı heç bir quruluş insanın taleyindən üstün ola bilməz.
Bəşəriyyət tarix boyu müxtəlif ictimai quruluşlar yaradıb: quldarlıq, feodalizm, kapitalizm, sosializm… Adlar dəyişib, ideologiyalar dəyişib, siyasi və iqtisadi formalar dəyişib. Lakin insanın insana münasibətindəki əsas problem tam həll olunmayıb.
Çünki quruluşlar dəyişib, insan dəyişməyib.
İnsan öz daxilindəki ağalığı məğlub etmədən xarici ağalığı məğlub edə bilməz.
Bir sistemin adını dəyişmək insanı azad etmir. Əgər insanın şüurunda mənfəət mənadan, sərvət mənəviyyatdan, hakimiyyət ləyaqətdən üstün tutulursa, hansı sistemin içində yaşamasından asılı olmayaraq, o yenə də öz yaratdığı quruluşun əsirinə çevriləcək.
Bəlkə də bəşəriyyətin ən böyük yanılğısı budur: insan cəmiyyəti dəyişdirməklə insanın dəyişəcəyini düşündü. Halbuki əvvəlcə insanın öz mahiyyəti dəyişməlidir.
İnsan özünü yalnız maddi varlıq kimi dərk etdiyi müddətcə yaratdığı cəmiyyət də maddi maraqların əsiri olacaq. İnsan öz ruhani mahiyyətini dərk etdiyi zaman isə cəmiyyətin məqsədi də dəyişəcək.
O zaman qida yalnız satılan məhsul deyil, həyatın qorunması olacaq.
Təbiət yalnız istifadə ediləcək resurs deyil, insanın varlığının ayrılmaz əsası kimi qəbul ediləcək.
Sərvət insanın məqsədi deyil, insanın xidmətində olan vasitəyə çevriləcək.
İnsan insana rəqib kimi deyil, öz varlığının davamı kimi baxacaq.
Bəlkə də əsl dəyişiklik yeni bir sistem qurmaqdan əvvəl, insanın özünə münasibətini dəyişməsidir.
Çünki insan öz mahiyyətini dərk etməyincə, yaratdığı bütün sistemlər onun daxili ziddiyyətlərini təkrar edəcək.
Adlar dəyişəcək.
Formalar dəyişəcək.
Quruluşlar dəyişəcək.
Amma mahiyyət dəyişməyəcək.
İnsan öz mahiyyətinə qayıtmayınca, heç bir ictimai quruluş insanlığı xilas edə bilməz.
Bəşəriyyətin gələcəyi isə bir sualdan asılıdır:
İnsan nə vaxt anlayacaq ki, həyatın məqsədi daha çox sahib olmaq deyil — daha çox insan olmaqdır?
Düzgün Atalı
