
İnanc, hakimiyyət və insanın ruhani azadlığı
İnsan yalnız maddi varlıq deyil. Onun mahiyyətində görünən dünyanın hüdudlarını aşan, həqiqəti, mənanı və kamilliyi axtaran ruhani bir varlıq vardır. İnsan öz mövcudluğunun mənasını dərk etmək, həyatın nə olduğunu anlamaq və özünü sonsuzluq qarşısında tanımaq istəyir. Bu axtarış insanın ruhani təbiətindən doğur.
Ruhaniyyat insanın azadlıq və həqiqət axtarışıdır.
İnsan düşündükcə, soruşduqca və öz varlığının dərinliyinə endikcə ruhani aləmi genişlənir. O, yalnız yaşamaqla kifayətlənmir; yaşamağın mənasını axtarır. Yalnız mövcud olmaq istəmir; varlığının mahiyyətini dərk etmək istəyir. Bəlkə də insanı digər canlılardan fərqləndirən ən böyük xüsusiyyətlərdən biri də budur: insan öz varlığını sual edə bilir.
İnanc isə bu axtarışın ifadələrindən biridir.
İnsan bilmədiyini anlamaq, dərk edə bilmədiyini mənalandırmaq istəyir. Onun ruhani ehtiyacları və kamilliyə doğru axtarışı müxtəlif inancların yaranmasına səbəb olur. Bu baxımdan inanc insanın həqiqətə doğru yönələn daxili ehtiyacının bir ifadəsi kimi meydana çıxır.
Lakin insanın ruhani axtarışı ilə onun yaratdığı inanclar eyni şey deyil.
Ruhaniyyat insanın təbiətindən doğur; inanc isə insanın bu təbiəti dərk etmək cəhdidir.
İnsan kamilləşdikcə öz ruhani aləmini daha dərindən dərk edə bilər. Lakin insanın kamilləşmədiyi, bilmədiyi və dərk edə bilmədiyi məqamlar da vardır. Məhz bu boşluqlarda müxtəlif təsəvvürlər, inanclar və dini dünyagörüşləri formalaşır.
Burada əsas məsələ inancın mövcudluğu deyil. Əsas məsələ insanın inancına kimin və necə sahib çıxmasıdır.
İnanc insanın mənəvi axtarışına, daxili azadlığına və həqiqətə yönəldiyi müddətdə öz mahiyyətini qoruyur. O, insanı yüksəldir, daxili aləmini zənginləşdirir və öz varlığını daha dərindən dərk etməyə aparır.
Lakin inanc siyasiləşdikdə və biznesləşdikdə, mənəvi dəyər olmaqdan çıxaraq insan üzərində hakimiyyət və qazanc vasitəsinə çevrilir.
Bu zaman insanın ruhani ehtiyacı onun özünə qarşı istifadə olunur.
İnsan artıq həqiqəti axtaran varlıq deyil, müəyyən bir ideologiyanın davamçısı; mənəvi yüksəliş axtaran şəxs deyil, siyasi məqsədlərin daşıyıcısı; inanan insan deyil, idarə olunan kütlə kimi qəbul edilir.
Burada ruhaniyyatın özü deyil, ruhani duyğuların istismarı meydana çıxır.
İnsan ruhani varlıqdır. Onun ruhani duyğularını siyasi hakimiyyət və maddi mənfəət üçün istifadə etmək isə ruhaniyyətə hörmət deyil — ruhaniyyata qarşı fürsətçilikdir.
Xüsusilə ideoloji dövlətlər insanın dini və ruhani duyğularından istifadə edərək onu düşünməkdən uzaqlaşdırır, təəssübkeşlik adı altında cəhalətə sürükləyirlər. Çünki düşünən insanı idarə etmək çətindir; kor-koranə inanan insanı isə yönləndirmək asandır.
Beləliklə, insanın ruhani axtarışı hakimiyyətin alətinə çevrilir. Həqiqət axtarışının yerini itaət, mənəvi dəyərin yerini ideoloji sədaqət, ruhani azadlığın yerini isə fanatizm tutur.
Bu məqamda insanın ən müqəddəs duyğusu — həqiqətə və mənaya olan ehtiyacı — onun ən böyük zəifliyinə çevrilir.
Çünki insanın ruhani duyğularını istismar edənlər onun yalnız düşüncəsini deyil, ruhunu idarə etməyə çalışırlar.
Düzgün Atalı