Müstəqillik yalnız siyasi hadisə deyil. Müstəqillik ilk növbədə düşüncənin, idrakın və mənəvi iradənin azadlığıdır. Bir xalq dövlət müstəqilliyini əldə edə bilər, lakin onun düşüncəsi hələ də yad təsirlərin, ehkamların və köhnə təfəkkür formalarının əsiri olaraq qala bilər. Buna görə də milli azadlığın ən mühüm şərti milli özünüdərkdir.
Təəssüf ki, müstəqillikdən sonra cəmiyyətimizin bir hissəsi milli-mənəvi dəyərlərin mahiyyətini dərk etmək əvəzinə, onları müxtəlif dini-siyasi ideologiyalarla eyniləşdirdi. Beləcə, milli ruhun dirçəlişi kimi görünən bəzi meyillər əslində milli düşüncənin deyil, yad təsirlərin güclənməsinə xidmət etdi. Çünki milli-mənəvi dəyərləri anlamayan insan, onları qorumaq əvəzinə yad ideologiyaların daşıyıcısına çevrilə bilər.

Milli dəyər insanı öz kökünə, öz mənəvi varlığına və tarixi yaddaşına bağlayan bir qüvvədir. O, insanın düşüncəsini məhdudlaşdırmır, əksinə, onu zənginləşdirir. Milli dəyər şəxsiyyət yaradır, köləlik yox. Əgər hər hansı fikir insanı kor itaətə çağırırsa, onun idrakını şübhədən, axtarışdan və həqiqət sevgisindən uzaqlaşdırırsa, bu artıq milli dəyər deyil. Bu, mənəvi əsarətin başqa bir formasıdır.

Tarix boyu ehkam özünü həqiqət kimi təqdim etməyə çalışmışdır. Lakin həqiqətlə ehkam arasında əsas fərq vardır. Həqiqət idrakdan keçir, ehkam isə idrakdan qaçır. Həqiqət insanı düşünməyə vadar edir, ehkam isə düşünmədən inanmağı tələb edir. Buna görə də milli ruhun yerini ehkam tutanda, azadlıq düşüncəsi yad məfkurələrin əsarətinə düşür.

Bir çox insanlar milli kimliyi dini və ya siyasi mənsubiyyətlə qarışdırırlar. Halbuki milli kimlik insanın tarixi yaddaşı, dili, mədəniyyəti, mənəvi təcrübəsi və öz xalqına mənsubiyyət hissidir. Bu hiss zəiflədikdə insan özünü başqa mərkəzlərin yaratdığı ideoloji qəliblərin içində tapır. Beləliklə, milli dirçəliş əvəzinə mənəvi asılılıq yaranır.

İdrakdan uzaqlaşan millətçilik də təhlükəlidir. Çünki idraksız millətçilik milli özünüdərk yaratmır; başqa millətlərin ideoloji təsirinə qapı açır. Öz köklərini düşüncə ilə deyil, kor təəssübkeşliklə müdafiə edən insan həqiqətdə nə özünü, nə də millətini tanıya bilir. Tanımadığı şeyi isə qoruya da bilmir.

Burada dövlət məsələsi xüsusi əhəmiyyət kəsb edir. Çünki dövləti qoruyan əsas faktor təkcə ordu, iqtisadiyyat və ya siyasi institutlar deyil. Bunlar dövlətin zahiri dayaqlarıdır. Dövlətin əsl dayağı idraka əsaslanan milli dəyərdir. Silah sərhədi qoruyur, lakin dövlətin ruhunu qoruya bilmir. Dövlətin ruhunu qoruyan xalqın milli şüuru, mənəvi iradəsi və öz dəyərlərini idrakla mənimsəməsidir.

İdraka əsaslanan milli dəyər dövlət yaradır və qoruyur; idrakdan uzaqlaşan dəyər isə ehkama çevrilərək dövləti mənəvi dayaqlarından məhrum edir. Milli dəyər idrakla birləşəndə milli şüur yaranır, milli şüur isə vətəndaş məsuliyyəti, dövlətçilik təfəkkürü və ümumi taleyə sahiblik hissi formalaşdırır. Məhz buna görə dövlətin gücü yalnız ordunun gücü ilə ölçülmür. Dövlətin gücü, hər şeydən əvvəl, vətəndaşlarının düşüncəsində və mənəviyyatında yaşayan milli dəyərlərin gücü ilə ölçülür.

Milli-mənəvi dəyərlərin əsas məqsədi insanı yüksəltməkdir. Bu dəyərlər şəxsiyyətin formalaşmasına, vicdanın möhkəmlənməsinə, azad düşüncənin inkişafına xidmət etməlidir. Əgər bir fikir insanın ləyaqətini, azadlığını və idrakını gücləndirirsə, o fikir milli ruhla uyğunlaşır. Yox, əgər insanı qorxuya, itaətə və fanatizmə sürükləyirsə, o zaman həmin fikir hansı ad altında təqdim olunmasından asılı olmayaraq milli dəyər sayıla bilməz. Bu səbəbdən milli dəyəri ehkamla qarışdırmaq ən böyük yanlışlıqlardan biridir. Milli dəyəri ehkamla qarışdıranlar millətə deyil, yad məfkurələrə xidmət edirlər. İdraksız inam milli dirçəliş yaratmır, mənəvi əsarət yaradır.

Həqiqi milli dirçəliş isə yalnız azad düşünən, öz köklərini dərk edən, lakin idrakın işığını heç bir ehkama qurban verməyən insanlarla mümkündür. Çünki millətin gələcəyini kor itaət deyil, azad şəxsiyyət qurur. Azad şəxsiyyətin təməli isə idrak, vicdan və həqiqətə sədaqətdir. Dövlətin əsl qoruyucusu da məhz belə şəxsiyyətlərdir. Çünki dövlətin ömrünü uzadan hakimiyyətlər deyil, idraka çevrilmiş milli dəyərlərdir.
Düzgün Atalı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir