
ASİF ATA: “TƏBİƏT QORUNMALIDIR Kİ, İNSAN QORUNSUN!”
Müxbir: – Möhtərəm Ata, müasir zaman elə bir böhranla qarşılaşıb ki, son həticəni təsəvvür etdikcə adamı dəhşət bürüyür. Ekoloji böhran ekoloji fəlakətə gətirib çıxara bilər. Bir filosof kimi, “ekologiya” və “ekoloji təfəkkür” anlayışına münasibətiniz…
Asif Ata: – Çox gözəl sualdır. Filosoflar üzdən götürürlər bu məsələni, dərindən götürsünlər gərək. Ağalıqdan başladı ekoloji fəlakət. Səhərdən axşamacan bağırdıq ki, insan təbiətin üzərində ağalıq edir. Insan təbiətin əsiriydi, sonra ağalığın gücü ilə təbiətdən ayrıldı – Ağa oldu. Ağalıq gətirib çıxardı yırtıcılığa. Canavar bizdən əmələ gəldi. Biz təbiətin bizimlə qohumliuğunu unutduq – heyvərəcəsinə! Biz dağda vüqarı unutduq – Dağı dağıtdıq. Biz çayın mahnısını oxuduq – Çayı qurutduq. Budur əsas məsələ! Ona görə də ekoloji problem birdir: maddiyyat uğrunda döyüş azalmalıdır. Bu hala son qoyulmalıdır.
Təbiətə səcdə vardı bir zaman. Ona qayıtmaq lazımdır; ağaca, çaya, dağa, göyə. Ona qayıtmaq lazımdır. Əgər yenə Ağalıq artacaqsa, yenə texnoloji hal artacaqsa, məhv olacağıq – onda təbiət bizdən ayrılacaq. Biz ac qalacağıq, məhv olacağıq.
Müxbir: – Demək, təbiət müqəddəslik rəmzinə çevrlməlidir.
Asif Ata: – Yenə həmin məsələ. Yenə də Müqəddəsləşmə. Görürsünüzmü, hamısı onunla bağlıdır. Müqəddəsləşmə o deməkdir ki, təbiətin özünə müqəddəs Varlıq kimi baxmalıyıq, səcdə qılmalıyıq ona. Doğrudan da, canlı təbiət bizim qardaşımızdır, qohumumuzdur.
Sualınızın o biri tərəfinə qayıdıram. Ekoloji təfəkkür insanın təbiətdən asılılığının dərkidir. Insanın təbiət üzərində hakimliyi insana və təbiətə baha başa gəldi. Təbiəti ölüm gözləyir. Bu, həm də, Bəşərin ölümü deməkdir. Ekoloji təfəkkür təbiətlə insanın ahəngdar təmasını bərpa etmək istəyir. “Təbiət qorunmalıdır ki, İnsan qorunsun!” – ekoloji təfəkkkürün əsas devizi budur. Təbiidir ki, o İnsanlaşma tələb edir, adam səviyyəsində təbiətlə ahəngdar təmas mümkün deyil. Adam bunu bacarmır.
Müxbir: – Müqəddəs Ata, necə bilirsiniz, ekoloji böhrandan çıxa biləcəyikmi?
Asif Ata: – Əgər adm İnsan olacaqsa, onda çıxacağıq. İndiki təfəkkürlə çıxa bilməyəcəyik. Ona görə də mütləqiləşmək lazımdır, təzə İnam lazımdır. Bu ağılla, bu idrakla, bu mənəviyyatla bir az yaxşı olacaq. Əslində təbiətə münasibət kökündən dəyişməlidir. Səcdə lazmdır Təbiətə: dağa, daşa, ağaca, çaya… Bu bütpərəstlik,deyil – qohumluğumuza qayıtmalyıq!
Müsahibəni apardı: Yusif DİRİLİ,“Fəryad” qəzüeti, 27 may 1992-ci il