İnsan bəzən həyatın qarşısında elə suallarla üz-üzə qalır ki, onların cavabını nə kitabda, nə qanunda, nə də hazır inanclarda tapa bilir.

Niyə haqq həmişə qalib gəlmir?

Niyə zalım bəzən güclü, məzlum isə aciz olur?

Niyə yaxşı insan əzab çəkir, pis insan isə rahat yaşayır?

Niyə günahsız bir uşaq həyatın ən ağır zərbələri ilə qarşılaşır, başqa biri isə bütün ömrünü rahatlıq içində keçirir?

İnsan min illərdir bu sualların qarşısında dayanır. Və bəzən bütün sualların sonunda bir ad görünür: Allah.

Deyirlər ki, Allah hər şeyi görür, hər şeyi bilir, hər şeyə qadirdir və mütləq ədalətlidir.

Onda insanın bir sual verməyə haqqı yoxdurmu?

Əgər belədirsə, dünyada bu qədər ədalətsizlik niyə var?

Mən bir anlıq insanın ən cəsarətli xəyalına sığınıram və deyirəm:

Allah olsaydım, ən əvvəl ədaləti yaradardım.

Haqqı nahaqqın ayağına verməzdim.

Zalımı güclü, məzlumu aciz edən bir dünya qurmazdım. İnsanların taleyini doğulduqları ailənin sərvətinə, coğrafiyasına, mənsubiyyətinə və təsadüflərə bağlamazdım.

Amma sonra daha ağır bir sual qarşıma çıxır.

Bəlkə məsələ yalnız dünyanın ədalətsizliyində deyil. Bəlkə məsələ bizim əsrlər boyu yaratdığımız Allah təsəvvüründədir.

Əgər bizim təsvir etdiyimiz Allah sonsuz qüdrət sahibidirsə, sonsuz mərhəmətlidirsə və mütləq ədalətlidirsə, onda günahsız əzab qarşısında ciddi bir fəlsəfi sual yaranır.

Əgər haqsızlığın qarşısını almağa gücü çatmırsa, onun sonsuz qüdrəti haradadır?

Əgər gücü çatır, amma qarşısını almırsa, onun mütləq ədalətini necə başa düşməliyik?

Bu suallar insanı rahat buraxmır.

Lakin buradan dərhal “deməli, Allah yoxdur” nəticəsinə gəlmək də məcburi deyil. Çünki əvvəlcə daha fundamental bir sual verməliyik:

Bizim Allah haqqında bildiyimizi sandığımız şey həqiqətən Allahdırmı?

Bəlkə insanın ən böyük səhvlərindən biri öz yaratdığı Tanrı təsəvvürünü həqiqətin özü hesab etməsidir.

İnsan Tanrını öz dili ilə danışdırdı, öz qanunlarını ona yazdırdı, öz müharibələrinə onun adını verdi, öz düşmənlərini onun düşməni elan etdi. Sonra da öz hökmünü “Allahın hökmü”, öz ədalətini “Allahın ədaləti” adlandırdı.

Beləcə, insanın yaratdığı Tanrı təsəvvürü bəzən insanın öz zalımlığını müqəddəsləşdirən vasitəyə çevrildi.

Burada sual artıq yalnız Allah haqqında deyil.

İnsan haqqında da sualdır.

Çünki insanın yaratdığı Allah obrazı nə qədər mütləqdirsə, insanın öz məsuliyyəti bir o qədər asanlıqla görünməz ola bilər.

İnsan “Allah belə istəyir” dediyi anda bəzən öz qərarının məsuliyyətindən qaçır.

Ona görə “Allah varmı?” sualından əvvəl başqa bir sual vermək lazımdır:

Bizim Allah haqqında təsəvvürümüz nə qədər həqiqidir?”

Bəlkə problem Allahın özündə deyil, insanın Allah haqqında yaratdığı obrazdadır.

Biz Allahı çox vaxt öz düşüncəmizin, qorxularımızın, ehtiyaclarımızın və hakimiyyət münasibətlərimizin içindən keçiririk. Sonra isə yaratdığımız obrazı mütləq həqiqət elan edirik.

Bəlkə insanın Allah haqqında ən böyük yanılması Allahı tanımaması deyil; öz təsəvvürünü Allahın özü hesab etməsidir.

Amma bütün bunların sonunda yenə insanın qarşısında eyni sual dayanır:

Ədalət harada başlayır?

Məncə, insanın cavabı göydən gözləməsi ilə bitməməlidir.

Ədalət insanın öz davranışında başlayır.

Haqq mənə aid olanda onu müdafiə etmək asandır. Əsl sınaq haqq başqasına aid olanda başlayır.

Hətta həmin insan bizim dostumuz olmayanda.

Hətta onun fikirlərini qəbul etməyəndə.

Hətta onun haqqını müdafiə etmək bizə heç bir fayda verməyəndə.

Mənim dostuma edilən haqsızlığa qarşı çıxmağım sədaqət ola bilər. Mənim düşmənimə edilən haqsızlığa qarşı çıxmağım isə ədalətə daha yaxındır.

Ədalətin həqiqi sınağı budur:

Haqq mənə sərf etməyəndə də haqq olaraq qala bilirmi?

Əgər mən yalnız öz haqqımı müdafiə edirəmsə, mən ədalətin yox, öz mənafeyimin tərəfdarıyam.

Bəlkə də insanın əsrlər boyu göydən gözlədiyi ədaləti əvvəlcə yer üzündə yaratmaq lazımdır.

Çünki ədalət yalnız dünyada baş verən hadisələrin nəticəsi deyil; insanın həmin hadisələrə verdiyi mənəvi cavabdır.

Biz hər hadisəni dəyişə bilmərik.

Amma haqsızlıq qarşısında susub-susmayacağımızı, məzlumun yanında dayanıb-dayanmayacağımızı, güclünün qarşısında əyilib-əyilməyəcəyimizi seçə bilərik.

Bəzən insan özü zülm etmir, amma zülmün davam etməsinə imkan verir.

Bu da məsuliyyətdir.

Ədalətli dünya yalnız dua ilə qurulmur.

Bunun üçün İdrak lazımdır — haqqı nahaqdan ayırmaq üçün.

Mənəviyyat lazımdır — haqqın yanında dayanmaq üçün.

İradə lazımdır — haqsızlığa qarşı çıxmaq üçün.

İnam isə insanı daha böyük mənaya bağlaya bilər.

İdraksız İnam fanatizmə, Mənəviyyatsız İdrak soyuq hesablamaya, İradəsiz Mənəviyyat isə yalnız arzuya çevrilə bilər.

Bəlkə də ruhun bütövlüyü bu dəyərlərin birliyindən yaranır.

Ona görə mənim “Allah olsaydım…” deməyim Tanrıya meydan oxumaq deyil.

Bu, insanın öz məsuliyyətini dərk etməsidir.

Çünki dünyada çatışmayan bəlkə də ədalətin özü deyil.

Ədaləti yaşatmaq cəsarətidir.

İnsan haqqı yalnız özünə sərf edəndə deyil, özünə zərər verəndə də müdafiə etməyi bacarmalıdır.

Əks halda biz Allahdan ədalət istəyib özümüz nahaqqın yanında dayanmış oluruq.

Bəlkə də insanın Tanrı qarşısında verə biləcəyi ən böyük cavab yalnız dua deyil, ədalətli davranışdır.

“Allah varmı?” sualına hər kəs öz inancına, idrakına və vicdanına görə cavab verə bilər.

Amma başqa bir sualdan qaçmaq çətindir:

Allah haqqında yaratdığımız təsəvvür gerçəkliyə uyğundurmu?

Bəlkə insan min illər boyu Allah haqqında danışıb, amma danışdığı Allahın mahiyyətini heç vaxt tam dərk edə bilməyib.

Bəlkə də insanın Allah haqqında ən dürüst mövqeyi öz məhdudluğunu etiraf etməkdir.

Amma bilmədiyimiz şey bizi bildiyimiz məsuliyyətdən azad etmir.

Biz Allahın mahiyyətini tam bilməyə bilərik. Lakin qarşımızdakı insanın əzabını görə bilərik. Haqsızlığı tanıya bilərik. Və onun qarşısında seçim edə bilərik.

Mən yenə deyərdim:

Allah olsaydım, ən əvvəl ədaləti yaradardım.

Haqqı nahaqqın ayağına verməz, zalımı güclü, məzlumu aciz edən bir dünya qurmazdım.

Amma bəlkə insanın Allah olmağa ehtiyacı yoxdur.

Bəlkə insanın əvvəlcə insan olmağa ehtiyacı var.

Haqqı görəndə susmayan, məzlumun yanında dayanan, zalımın qarşısında əyilməyən və ədaləti yalnız özünə lazım olanda deyil, hər kəs üçün istəyən insan.

Bəlkə insanın ən böyük vəzifəsi Allahın yerinə keçmək deyil.

Ədaləti öz həyatından başlatmaqdır.

Çünki insan Allahın yerinə keçə bilməz.

Amma Allahın adına yaraşmayan dünyanı öz əli ilə dəyişə bilər.

Düzgün Atalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir