Baxırsan ki, alicənab görkəmində birisidir. Zahirən yerində olmayan nəsnə tapa bilmirsən; geyimi səliqəli, danışığı ölçülü, davranışı təmkinlidir. Biznesmendir, məmurdur, alimdir, cəmiyyət içində nüfuz sahibidir. İlk baxışda elə təsir bağışlayır ki, sanki müasir dünyanın yetişdirdiyi kamil insandır. Ancaq nə fayda… Ağzını açan kimi orta əsrlərin tozlu havası yayılır ətrafa.

Çünki müasirlik görünüşdə olmur, düşüncədə olur. İnsan eyni anda həm ən son texnologiyadan istifadə edib, həm də yüzillər əvvəlki qaranlıq təfəkkürün içində yaşaya bilər. Bu ziddiyyət bizim dövrün ən ağrılı həqiqətlərindən biridir. Elmi-texniki tərəqqidən danışan, inkişafdan bəhs edən, yenilik sözünü dilindən salmayan adamın fərqli düşüncəyə dözümsüz yanaşması, xurafatı müdafiə etməsi, kor-koranə itaəti düşüncə sayması necə böyük paradoksdur.

Biz uzun zamandır müasirliyi səhv ölçülərlə qiymətləndiririk. Bahalı geyimi, yüksək vəzifəni, xarici dili bilməyi, yaxud akademik adı bəzən inkişaf hesab edirik. Halbuki insanı müasir edən onun nə qədər qazandığı yox, nə qədər düşündüyüdür. Çünki düşüncə dəyişmədən cəmiyyət dəyişmir. Cəmiyyət dəyişməyəndə isə tərəqqi yalnız vitrində qalır.

Ən təhlükəlisi odur ki, gerilik həmişə savadsız adamın simasında görünmür. Bəzən geriliyin ən təsirli daşıyıcısı məhz savadlı görünən, kürsü sahibi olan, insanların hörmət etdiyi şəxslər olur. Onların söylədiyi fikir daha tez yayılır, daha çox qəbul olunur. Beləcə xurafat ənənə adı ilə, dözümsüzlük mənəviyyat adı ilə, geridəqalmışlıq isə milli dəyər adı ilə cəmiyyətə yeridilir.

Tarix göstərir ki, xalqları yalnız iqtisadi çətinliklər zəiflətmir. Xalqları daha çox düşüncə durğunluğu geri salır. Çünki bir millət öz beynində orta əsrlərdən çıxa bilmirsə, texnoloji inkişaf belə onu həqiqi tərəqqiyə çatdıra bilmir. Yollar çəkilə bilər, binalar ucaldılar bilər, yeni sistemlər qurula bilər — amma düşüncə qaranlıq qalanda bunların hamısı zahiri dəyişiklikdən o yana keçmir.

Orta əsrlər təqvimdə qalmayıb; bəzən insanın beynində yaşayır. Təhlükəli olan da budur. Çünki beynində köhnə əsrlərin qorxusu, fanatizmi və dözümsüzlüyü yaşayan adam özünü yeniliyin tərəfdarı kimi təqdim edə bilir. Beləcə gerilik inkişaf paltarı geyinir.

Millət üçün ən böyük faciələrdən biri irəli getdiyini zənn edib, əslində yerində saymaqdır. Daha ağır faciə isə geriliyi inkişaf kimi qəbul etməkdir. Çünki gerilik hər zaman çarıqla gəlmir. Bəzən qalstukla gəlir, diplomla gəlir, vəzifə ilə gəlir, alqışlarla gəlir. Və ən ağırı — tərəqqi adı ilə gəlir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir