Əgər sosial şəbəkələrdə paylaşılmasaydı, Arzum adlı birinin varlığından xəbərim belə olmazdı. Təsadüfən bir neçə videosuna baxdım və gördüklərim məndə yalnız ikrah hissi yaratdı. Danışıq tərzi, küçə söyüşlərini adi hala çevirməsi, kobudluğu və mədəniyyətdən uzaq davranışları mənim üçün nə cəsarətdir, nə də səmimiyyət. Bu, sadəcə mənəvi aşınmanın nümayişidir.

Qəza hadisəsində onun günahkar olub-olmaması ilə bağlı hökm vermirəm. Məni narahat edən məsələ tamam başqadır. Bir hadisədən istifadə edib dünənə qədər söyüşü, bayağılığı və əxlaqsız davranışları ilə tanınan birini bu gün qəhrəman kimi təqdim etmək hansı məntiqə, hansı vicdana sığır?

Ən acınacaqlısı isə budur ki, bu qəhrəmanlaşdırma kampaniyasına minlərlə insan könüllü şəkildə qoşulur. Sanki cəmiyyət öz qəhrəmanlarını elmindən, ləyaqətindən, xarakterindən deyil, sosial şəbəkələrin yaratdığı səs-küydən seçməyə başlayıb. Bu, artıq tək bir insanın problemi deyil, dəyərlər sistemimizin böhranıdır.

Unutmayaq: mərhəmət göstərmək insanlıqdır, amma əxlaqsızlığı təbliğ etmək insanlıq deyil. Acımaq başqa şeydir, nümunə yaratmaq tamam başqa. Əgər bu gün söyüşü, kobudluğu və bayağılığı alqışlayırıqsa, sabah övladlarımızın həmin davranışları təkrarlamasından şikayət etməyə mənəvi haqqımız olmayacaq.

Bir millətin gələcəyini onun alqışladığı insanlar müəyyənləşdirir. Qəhrəmanlarını yanlış seçən cəmiyyət gec-tez dəyərlərini də, gələcəyini də itirir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir