Son illər ictimai leksikonumuza sürətlə daxil edilən ifadələrdən biri də budur: “inanclı insan”, “inancsız insan”… İlk baxışda bu sözlər adi və məsum görünür. Ancaq bir az diqqətlə baxanda məlum olur ki, burada sadəcə dil məsələsi deyil, düşüncəyə istiqamət verən gizli ideoloji yanaşma mövcuddur. Çünki bu terminlər çox vaxt obyektiv mənada işlədilmir.

Bu gün cəmiyyətdə “inanclı insan” deyiləndə insanların böyük əksəriyyətinin zehnində yalnız islam dini qaydaları ilə yaşayan biri canlanır. Namaz qılan, oruc tutan, dini simvollar daşıyan biri… Bəs fərqli düşünənlər? Tanrıya başqa şəkildə inananlar? Deizm tərəfdarları? Tanrıçı dünyagörüşünə sahib insanlar? Mistisizmə yaxın olanlar? Fəlsəfi metafizik düşüncə daşıyanlar? Onlar niyə avtomatik “inancsız” kateqoriyasına atılır? Əgər insan kainatın arxasında bir yaradıcı ağılın olduğuna inanırsa, bu necə “inancsızlıq” olur?

Deməli problem inancın olub-olmamasında deyil. Problem “kim kimi qəbul edir” məsələsindədir. Əslində burada incə, amma çox təhlükəli bir məqam var. Bəzi dini çevrələr “inanc” sözünü ümumbəşəri anlayış olmaqdan çıxarıb yalnız öz dini interpretasiyalarına aid etməyə çalışırlar. Beləcə “inanclı” anlayışı yalnız “bizim kimi inanan”, “inancsız” isə “bizim kimi inanmayan” mənasına gətirilir. Bu isə artıq termin deyil — ideoloji bölgüdür.

Halbuki “inanc” anlayışı tarix boyu dinlə məhdud olmayıb. İnsanlıq yaranandan bəri insanlar göy tanrıya, təbiət ruhlarına, kainatın harmoniyasına, metafizik gücə, taleyə, enerjiyə və yaradıcı zəkaya inanıb. İnanc insan şüurunun ən qədim qatlarından biridir. Bir insanın konkret dini sistemə daxil olmaması onun inancsız olması demək deyil.

Ən maraqlı paradoks isə budur ki, “inancsız” adlandırılan insanların belə müəyyən fəlsəfi mövqeyi olur. Ateizm də bir düşüncə modelidir. Agnostisizm də bir epistemoloji yanaşmadır. Yəni insan ya qəbul edir, ya rədd edir, ya da şübhə edir. Bunların hamısı düşüncə mövqeyidir. Tamamilə “inancsız” insan anlayışı fəlsəfi baxımdan demək olar ki, mövcud deyil. Çünki insan düşünən varlıqdır və hər düşüncə müəyyən qəbul və ya rədd üzərində qurulur.

Bu səbəbdən “inancsız” sözü çox vaxt fəlsəfi termin yox, sosial damğaya çevrilir. Dil isə sadəcə ünsiyyət vasitəsi deyil. Dil həm də hakimiyyət vasitəsidir. Bir cəmiyyətə hansı terminləri qəbul etdirirsənsə, zamanla onun düşüncə sərhədlərini də müəyyən etmiş olursan. Bu gün bəzi çevrələrin “inanclı insan” ifadəsini monopoliyaya çevirməsi təsadüfi deyil. Bu termin vasitəsilə cəmiyyət şüuraltı şəkildə iki hissəyə bölünür: “doğru yolda olanlar” və “digərləri”. Bu isə gizli mənəvi aristokratiya yaratmaq cəhdidir. Sanki müəyyən dini çərçivənin içində olan insan “mənəvi üstün”, onun xaricində qalan isə “əskik” hesab edilir.

Halbuki tarix bunun əksini dəfələrlə göstərib. Dinə bağlı olduğu halda zalım olan insanlar da olub, heç bir dini sistemə bağlı olmadığı halda son dərəcə vicdanlı, ədalətli və humanist insanlar da. Çünki əxlaq təkcə dini forma ilə müəyyən olunmur. İnanc yalnız ritual deyil. İnanc insanın həqiqət axtarışıdır, vicdanıdır, daxili suallarıdır, kainat qarşısındakı heyrətidir. Bəzən bir insanın səmimi şəkildə verdiyi “niyə?” sualı, mexaniki şəkildə təkrarlanan yüz ritualdan daha dərin ola bilir.

Ancaq problem ondadır ki, qəlibçi düşüncə fərqli inancı qəbul etmək istəmir. Çünki fərqli düşüncə onun qurduğu rahat mənəvi sistemi sarsıdır. Bu səbəbdən də fərqli düşünənə “azğın”, sual verənə “şübhəli”, dini qəlibdən kənara çıxana isə “inancsız” etiketi yapışdırılır. Beləcə terminlər düşüncəni boğmaq üçün alətə çevrilir.

Əsl məsələ insanın hansı dini etiketi daşıması deyil. Əsl məsələ onun vicdanının, həqiqət axtarışının, daxili məsuliyyət hissinin və ədalət anlayışının olub-olmamasıdır. Çünki tarixdə ən böyük faciələrin bir qismini “ən inanclı” görünən fanatiklər törədib. Eyni zamanda ən böyük humanist düşüncələri də bəzən sistemdən kənarda duran insanlar müdafiə edib.

Bu səbəbdən “inanclı insan” ifadəsini yalnız müəyyən dini qəlibə həbs etmək həm fəlsəfi səhvdir, həm də intellektual ədalətsizlikdir. İnanc insan ruhunun çox geniş və mürəkkəb sahəsidir. Onu yalnız bir ideoloji qəfəsə yerləşdirmək mümkün deyil. Çünki inanc təkcə məbəddə yaşamır. İnanc bəzən insanın vicdanında, bəzən sualında, bəzən tənhalığında, bəzən də kainata baxıb hiss etdiyi sonsuzluq duyğusunda yaşayır.

Düzgün Atalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir