Bizə deyirlər: «İşiniz-gücünüz yoxdur, düşmüsünüz bu dini fanatizmin üstünə!»

Vallah-billah, işimiz də var, gücümüz də! Həm də çox işimiz var. Amma millətin taleyindən böyük işimiz yoxdur!

Gözümüzün qabağında dini cəhalət cəmiyyəti geriyə çəkir, bir para «ziyalı» isə həmin cəhalətlə əl-ələ verib bu yürüşə yol açır. Biz də susaq?!

Niyə susmalıyıq?!

Bizi qınayanlar, siz deyin: Biz nə edək?
Bir tikə çörək, bir vəzifə, bir kreslo, bir şəxsi mənafe naminə millətin gələcəyinin məhv edilməsinə tamaşa edək?!

Vicdanımızı susduraq?!Əxlaqımızı pula dəyişək?!
Mənəviyyatımızı şəxsi rahatlığımıza qurban verək?!

Xeyr! Min dəfə xeyr!

Biz susmayacağıq!
Çünki susmaq bu gün cəhalətə verilən ən böyük dəstəkdir.

Bizim dərdimiz bir qrup insanla mübarizə aparmaq deyil. Bizim dərdimiz cəhalətlə, düşüncəsizliklə, fanatizmlə və milli şüurun yuxuya verilməsi ilə mübarizədir.

Kim istəyirsə, bizə «düşmüsünüz bunların üstünə» desin.

Bəli, düşmüşük!

Cəhalətin üstünə düşmüşük!
Fanatizmin üstünə düşmüşük!
Milləti orta əsrlərə qaytarmaq istəyən düşüncənin üstünə düşmüşük!
Xalqın gələcəyini şəxsi mənafeyə dəyişənlərin üstünə düşmüşük!

Və əgər bunun adı «işsizlikdirsə», qoy belə işsizliyə min dəfə razı olaq!
Çünki biz susanda cəhalət danışır.
Biz geri çəkiləndə gerilik irəliləyir.
Biz göz yumanda millətin gələcəyi əlimizdən alınır.

Ona görə də danışacağıq!
Yazacağıq!
Etiraz edəcəyik!
Çünki vicdanımız var.
Çünki əxlaqımız var.
Çünki mənəviyyatımız var.

Və ən əsası — millət qarşısında məsuliyyətimiz var!
Bizim susmağımızı istəyənlərə bir sözümüz var:
Millətin gələcəyi təhlükədədirsə, susmaq bizim üçün seçim deyil!
Düzgün Atalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir