
Şuşanın işğalı günü qol götürüb rəqs edən ziyalı…
8 may bizim üçün uzun illər boyu həm də kədərli gün sayılıb…
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğalı günü olduğu üçün…
Şuşa 1992-ci ilin 8 may günü təpdədən dırnağa silahlanmış Ermənistan və Rusiya hərbi birləşmələri tərəfindən işğal edilib axı…
O vaxt biz, demək olar ki, əli yalın idik…
Çalışıram unudum o günləri…
Təsəllim də var!
Şuşam azaddır!
Şuşa yenidən tikilir, Şuşa yenidən qurulur!
Azərbaycan ordusunun qəhrəman döyüşçüləri bir vaxt düşmənin asanlıqla tutduğu, işğal etdiyi Şuşaya sıldırım qayaları aşaraq daxil oldu…
30 il düşmən tapdağı altında olan qədim şəhərimizi yüngül silahlarla, bıçaqla, baltayla, əlbəyaxa döyüşlə, el dili ilə desək, dişi ilə, dırnağı ilə azad etdi!
Bütün bunlar bu gün başımızı dik tutmağa haqq verir!
Amma…
O ağır günləri, o günlərin qurbanlarını unutmağa əsas vermir!
1992-ci ilin 8 mayında Şuşanın işğalı zamanı 480 günahsız soydaşımızın qətlini, 600 nəfər yaralı eloğlularımızı, 22 min nəfər didərgin şuşalı həmyerlilərimizi necə unuda bilərik?!
Axı işğal ərəfəsində əsir götürülmüş 68 soydaşımızın taleyindən bu gün də heç bir xəbər-ətər yoxdur…
Bu günlərdə “Yeni Musavat”da Nazim Sabiroğlunun Şuşa ilə bağlı kövrək yazısını oxudum və nə qədər acı olsa da, etiraf edim ki, göz yaşlarıma hakim kəsilə bilmədim…
Elə hey deyirlər ki, kişi ağlamaz…
Bəs kişi yaşadığı stresi, hiss və həyacanlarını necə sakitləşdirsin?!
Özü də Vətəndən uzaqda, qürbət diyarda!
Nazim yazır…
Şuşanın dünənindən yazır…
Və qəribə bir müşahidəsini xatırladır:
“İşğal illərində yaşadıqlarımızı xatırlayanda indiki şad günümüzdə hətta qol götürüb oynamaq da olar. Oynamaq demişkən, Şuşa ilə bağlı yaddışımda əbədi həkk olan bu hadisəni də xatırlamağın yeri var.
Deyirlər ki, Vaqif Səmədoğlu Şuşanın işğal olunması xəbəri yayılanda Yazıçılar Birliyinin binasında… qol götürüb oynayıb.
Şuşanın işğalına bu qədər faciəvi reaksiyanı heç unutmadım. Buna məğlubiyyət acısında havalanmaq da deyirlər”.
Ruhun önündə baş əyirəm əziz, Vaqif bəy!
Baş əyirəm ki… İndi Azərbaycanda sənin yerin görünür. Hanı sənin kimi vicdanlı, sözdə deyil, əməldə vətəninin və millətinin sabahını düşünən ziyalılar?… İndiki “ziyalıların” əksəriyyəti qarın davası edirlər, onlar üçün çoxdan vətən və millət sözdədir…
Bir xatirə də mən danışım…
Vaqif bəyin qeyri-adi hərəkətinə aydınlıq gəlsin deyə:
Ömrü qürbətdə keçən, gözlərini Niderlandda əbədi yuman birinci Qarabağ müharibəsi dönəmində helikopter batalyonu komandiri olmuş, son nəfəsinə kimi Qarabağın işğalı ilə barışmayan palkovnik Faiq Rəhimov yana-yana danışırdı…
Danışırdı ki:
“Kəlbəcərdən soydaşlarımızı helikopterlə təxliyə edirdik. Ancaq adam çox, helikopterlər isə az. Hamı panika içindəydi. Ermənilər isə dinc əhalini qıra-qıra gəlirdilər. Bu zaman helikopterə minə bilməyən gənc bir qiz, geriyə dönüb, uca və gözəl səslə bayatı oxuya-oxuya, hətta sankı sevinə-sevinə uzaqlaşdı. Hamımız mat qalmışdıq ki, bu qız nəyə sevinir? Bir də baxdıq ki, qız özünü sıldırım qayadan atdı”.
Bu söhbəti dinləyərkən hansı hislər keçirdiyimi sözlə ifadə edə bilmirəm!
Ehhh….
Nur içində yat, Faiq müəllim, Allah sənə rəhmət eləsin. Nələrin şahidi olmuşdun…
İndi yəqin Vaqif Səmədoğlunun Şuşanın işğalı günü qol götürüb oynamasının səbəbini anladınız…
Şuşanın bu günü ilə bərabər özünü qayadan atan bakirə qızlarımızı, itkin soydaşlarımızı, kürəyində donmuş korpəsini daşıyan analarımızı necə unuda bilərik? Lap yüz sülh müqaviləsi olsa belə…
Sözümün sonunda üzümü Şuşaya tutub deyirəm:
Şuşa! Sən bizim sevincimiz və kədərimizsən!
Şuşa! Sən bizim qürür yerimizsən!
Şuşa! Sən əzəli, əbədi Azərbaycansan!
Elman Mustafazade
8 may 2026-ci il, Amsterdam, Niderland.